Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin müdafiə xərclərini azaltmaqdan imtina edir, Rusiya büdcəsi böhranla üz-üzə
Putin müdafiə xərclərini azaltmaqdan imtina edir, Rusiya büdcəsi böhranla üz-üzə

Rusiyada hərbi xərclərin sürətlə artması ölkə iqtisadiyyatı üçün ciddi risklər yaradır. Kremlin maliyyə bloku və Mərkəzi Bank rəhbərliyi prezident Vladimir Putini müdafiə xərclərinin büdcəyə ağır yük yaratdığı barədə xəbərdar etsə də, Kreml rəhbəri bu çağırışları qəbul etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) hesabatında qeyd edilib.

Verilən məlumata görə, maliyyə rəsmiləri hərbi xərclərin azaldılmasını təklif etsələr də, Putin Maliyyə Nazirliyinə qeyri-hərbi sahələrdə qənaət yolları axtarmağı tapşırıb. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi əlavə maliyyə vəsaiti ayrılmasının vacibliyini vurğulayır və müdafiə sifarişlərindən asılı müəssisələrin fəaliyyətinin risk altına düşə biləcəyini bildirir.

Bildirilir ki, Rusiya hakimiyyəti 2026-cı ilin ikinci yarısında 1,2–1,5 trilyon rubl həcmində büdcə kəsirinin yaranacağını istisna etmir. Rəsmilər vəziyyətin yaxşılaşmasını neft gəlirlərinin artması və müharibənin başa çatması ilə əlaqələndirsələr də, ekspertlər bunun real çıxış yolu olmadığını düşünürlər.

Rusiya Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2026-cı ilin ilk rübündə büdcə kəsiri 4,58 trilyon rubla çatıb. Bu göstərici artıq bütün il üçün nəzərdə tutulan 3,79 trilyon rubl həcmindəki kəsiri üstələyib.

MTİ analitikləri hesab edirlər ki, Putinin müdafiə xərclərini azaltmaqdan imtina etməsi onun müharibədə yaxın perspektivdə uğur qazanacağına inandığını göstərir. Eyni zamanda, ekspertlər Kremlin Ukraynadakı vəziyyət barədə tam obyektiv məlumat almadığını və bunun qərarların qəbuluna təsir etdiyini vurğulayırlar.

Qərb sanksiyaları, yüksək faiz dərəcələri və Ukraynanın enerji infrastrukturuna zərbələri fonunda Rusiya iqtisadiyyatında artım tempi zəifləyib. Bir sıra iqtisadçılar və biznes nümayəndələri hesab edirlər ki, ölkə iqtisadiyyatının bərpası üçün ən effektiv addım Ukraynaya qarşı müharibənin dayandırılmasıdır. Ekspertlər Rusiyanı uzunmüddətli iqtisadi durğunluğun gözlədiyini bildirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »