Son zamanlar sosial şəbəkələrdə Bakı–Tbilisi–Qars qatarından sonra Türkiyəyə qatar yolunun açılması ilə bağlı məlumatlar səsləndirilir. Bu isə vətəndaşlarda yanlış fikirlərin formalaşmasına səbəb olur.
Azərbaycan Dəmir Yolları-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu marşrut sərnişin daşıma deyil.
“Bu, yük qatarlarının hərəkəti üçün yükdaşıma marşrutudur.
Bakı–Tbilisi–Qars marşrutunun açılışı 2017-ci ildə cənab Prezidentin iştirakı ilə keçirilib. Bu, əslində yeni bir xətt deyil, 2004-cü ildən Azərbaycan Dəmir Yolları tərəfindən modernləşdirilmə işləri aparılıb və nəticədə Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona artırılıb”, – deyə Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə Türkiyəyə dəmir yolunun açılması ilə bağlı yayılan məlumatlarda qeyd edilən “açılış” məhz modernləşdirilmədən sonra xəttin istifadəyə verilməsi ilə bağlıdır. Yəni bu, sırf yükdaşımalara aiddir və Orta Dəhlizin mühüm seqmentlərindən biridir.
Xatırladaq ki, Bakı–Tbilisi–Qars dəmir yolu 30 oktyabr 2017-ci ildə rəsmi olaraq istifadəyə verilib. Bu xətt Azərbaycanı Gürcüstan üzərindən Türkiyə ilə birləşdirərək region üçün yeni nəqliyyat körpüsü yaradıb. Layihə həm yükdaşıma, həm də beynəlxalq ticarət baxımından strateji əhəmiyyət daşıyır və Asiya ilə Avropa arasında daha qısa, alternativ logistika marşrutu kimi çıxış edir.
Qısacası, hamının düşündüyü “Türkiyəyə qatar yolu” sərnişinlər üçün deyil.
İradə Cəlil, Bizimyol.info






