ABŞ və İran arasında davam edən danışıqlara baxmayaraq, regionda hərbi qarşıdurma riski hələ də qalmaqdadır. İyunun 1-nə keçən gecə ABŞ-ın Keşm adasına, İranın isə Küveytdəki hərbi bazaya endirdiyi zərbələr göstərdi ki, tərəflər diplomatik təmasları davam etdirsələr də, hərbi təzyiqdən imtina etmirlər.
Bizimyol.info xəbər verir ki, Körfəz regionunda “hibrid atəşkəs” adlandırıla biləcək yeni reallıq formalaşıb.
Həcc mövsümünün başa çatması ilə 1,7 milyondan çox zəvvar Səudiyyə Ərəbistanından öz ölkələrinə qayıdıb. Krallıq təhlükəsizliyi təmin etsə də, regionda gərginlik səngiməyib. ABŞ-ın son günlər Qətər və İordaniyaya ağır hərbi-nəqliyyat təyyarələrinin uçuşlarını artırması Vaşinqtonun hərbi hazırlığını qoruduğunu göstərir. Eyni zamanda, mülki aviareyslərin bərpası normallaşma siqnalları yaradır.
Münaqişənin əsas səbəbləri isə dəyişməz qalır. Vaşinqton Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasını və İranın nüvə proqramı ilə bağlı sərt öhdəliklər götürməsini tələb edir. Tehran isə boğaz üzərində nəzarət imkanlarından imtina etmək niyyətində deyil və sanksiyaların təxirə salınmadan ləğvini istəyir. Bu səbəbdən mümkün yeni razılaşmalar tərəflər arasındakı fundamental fikir ayrılıqlarını aradan qaldırmaya bilər.
Qlobal bazarlar da vəziyyətə həssas reaksiya verir. Neft qiymətləri yüksəlir, tanker daşımalarının sığorta və nəqliyyat xərcləri isə yüksək olaraq qalır. Bu, enerji bazarları ilə yanaşı, ərzaq təhlükəsizliyi və logistika zəncirləri üçün də risk yaradır.
Ekspertlərin fikrincə, həcc mərasimlərinin təhlükəsiz başa çatmasından sonra tərəflər daha geniş manevr imkanları əldə etsələr də, bu, avtomatik eskalasiya demək deyil. Körfəz ölkələri sabitliyin qorunmasında maraqlıdır. Bununla belə, davam edən fikir ayrılıqları və qarşılıqlı etimadsızlıq yaxın dövrü region üçün ən həssas mərhələlərdən birinə çevirir. Hazırda əsas vəzifə hərbi təzyiq və diplomatik dialoq arasında tarazlığı qoruyaraq daha davamlı sülh mexanizmlərinin formalaşdırılmasıdır.
Qadir, Bizimyol.info






