Almaniya və Fransa nüvə sahəsində daha sıx əməkdaşlıq üzrə planlaşdırılmış danışıqlara başlayıb.
Bizimyol.info xəbər verir kiŞ bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Məlumata görə, Günter Sautter 27 mayda Parisə gedərək danışıqların ilk raundunda iştirak edib. Parisdə keçirilən məsləhətləşmələrə digər Avropa ölkələrinin nümayəndələri də qatılıb. Növbəti Almaniya–Fransa görüşünün isə 4 iyulda başlayacaq yay parlament tətillərindən əvvəl Almaniyada keçirilməsi planlaşdırılır.
Mart ayında Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron birgə bəyannamə imzalayaraq nüvə çəkindirmə sahəsində əməkdaşlığın dərinləşdiriləcəyini açıqlamışdılar. Sənəddə tərəflərin bu il ərzində konkret addımlar atacağı, o cümlədən Almaniya Silahlı Qüvvələrinin Fransa nüvə təlimlərində iştirak etməsi və strateji obyektlərə birgə səfərlərin təşkili kimi məsələlər qeyd olunub.
"Der Spiegel"in məlumatına əsasən, Almaniyanın “Poker” adlı nüvə təlimlərində ilk iştirakı 2026-cı ilin sentyabrına planlaşdırılır. İlkin mərhələdə Almaniya yalnız müşahidəçi qismində çıxış edəcək. Daha sonrakı mərhələdə isə Bundesver yalnız digər vasitələrlə dəstək verə bilər — məsələn, qırıcı təyyarələrin müşayiəti və ya havada yanacaq doldurma kimi, birbaşa nüvə silahı ilə bağlı olmayan əməliyyatlar.
1991-ci il 15 martda qüvvəyə minmiş Almaniyanın yekun nizamlanma müqaviləsinə əsasən, Almaniya nüvə, bioloji və kimyəvi silahların istehsalı və istifadəsindən imtina edib. 1991-ci ilin iyununa qədər SSRİ keçmiş Şərqi Almaniya ərazisindən bütün nüvə komponentlərini çıxarıb. Bununla belə, ölkə ərazisində NATO çərçivəsində ABŞ-ın nüvə silahları hələ də yerləşdirilir.
Məlumatlara görə, NATO strategiyasına uyğun olaraq Almaniyada ABŞ-a məxsus 20-yə yaxın nüvə başlığı "Büchel Air Base" aviabazasında saxlanılır.
2010-cu ildə Bundestaq ABŞ-ın nüvə silahlarının Almaniyadan çıxarılması ilə bağlı hökumətə danışıqlar mandatı versə də, Berlin hökuməti NATO tərəfdaşları ilə razılaşdırılmadan təkbaşına addım atmayacağını bəyan edib.
Bizimyol.info






