Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçı Ağa Hacıbəyli: "Qurban sosial ədalət və paylaşma dəyəridir"
İlahiyyatçı Ağa Hacıbəyli: "Qurban sosial ədalət və paylaşma dəyəridir"

Qurban bayramı həqiqətən böyük bir fədakarlıq məktəbidir. Əsrlərdən bəri bu məktəb insanlığa ən ali dərsləri verir və özündə çox önəmli dəyərləri ehtiva edir.

Qurani-Kərimdə Uca Rəbbimiz buyurur ki, “Həcc” surəsinin 37-ci ayəsinə əsasən, kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatan yalnız sizin qəlbinizdəki təqvadır. Buna görə də qurbanlıq təmtəraq bayramı deyil, təqva bayramıdır.

Qurana görə qurban sadəcə özün üçün kəsib soyuducunu doldurmaq deyil. Əksinə, ehtiyaclı insanlarla, qonşularla paylaşmaq niyyəti ilə həyata keçirilən bir ibadətdir. Bu baxımdan qurban həm sosial ədalət, həm də ilahi yaxınlaşma vasitəsidir.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Ağa Hacıbəyli danışıb.

O qeyd edib ki, “qurban” sözü “qurb” kökündən gəlir və mənası Allaha yaxınlaşmaq deməkdir. Deməli, biz bu bayramda həm Allaha, həm də ehtiyaclı insanlara yaxınlaşırıq. Bu ibadətdə seçim də mühüm əhəmiyyət daşıyır. Qurbanlıq heyvan qüsursuz olmalı, ən gözəl və sağlam olanlardan seçilməlidir. Qırıq, arıq və ya qüsurlu olmamalıdır. Çünki Allah yolunda ən gözəl olanı təqdim etmək əsas prinsiplərdəndir.

İlahiyyatçı bildirib ki, Qurban bayramı bayram namazından sonra, yəni günəşin qalxmasından və təqribən saat 10 radələrindən sonra kəsilməlidir. İlahiyyatçının sözlərinə görə, namazdan əvvəl kəsilən heyvan qurban sayılmır.

“Kəsim zamanı heyvan üzü qibləyə yatırılır, ‘Bismillah’ deyilir, bıçaq iti olmalı və heyvana əziyyət verilməməlidir. Kəsim prosesi mümkün qədər düzgün və təmiz şəkildə aparılmalıdır.

Əldə edilən ət üç hissəyə bölünür: bir hissəsi ev üçün, bir hissəsi qohumlar və qonşular üçün, üçüncü hissə isə əsasən ehtiyaclı insanlara verilir. Bu bayramda xüsusilə fəqir-füqəranın sevinci ön plana çıxır. Qohumluq və qonşuluq münasibətləri güclənir, insanlar bir-birinə daha da yaxınlaşır”, – deyə ilahiyyatçı bildirib.

Onun sözlərinə görə, qurban yalnız heyvan kəsmək deyil. Əsl məqsəd insanın öz nəfsini tərbiyə etməsi, xəsislik və paxıllıq kimi hisslərdən uzaqlaşmasıdır. Bu ibadət vasitəsilə insan başqalarının dərdinə şərik olmağı, ehtiyac sahibinə yardım etməyi öyrənir. Beləliklə, həm zahir, həm də batin dünyası təmizlənir, qəlb kin və nifrətdən saflaşır.

İlahiyyatçının sözlərinə görə, qurban fədakarlıq məktəbi kimi sosial ədaləti gücləndirir, insanların bir-birinin halını anlamasına və bir-birinə xidmət etməsinə şərait yaradır. Bu əmri icra edən insanlar savab qazanır.

“Hədisi-şərifdə buyurulur ki, imkanı olub qurban kəsməyənlər müsəlmanların namazgahına yaxınlaşmasınlar. Allahdan diləyimiz budur ki, növbəti illərdə qurbanlarımızı Zəngəzura və Qərbi Azərbaycana dönüşümüzlə birlikdə etmək nəsib olsun”, – deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »