Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Riad Qasımov: Şəhərsalma insan yönümlü kompleks prosesə çevrilməlidir
Riad Qasımov: Şəhərsalma insan yönümlü kompleks prosesə çevrilməlidir

Bakıda keçirilən World Urban Forum çərçivəsində çıxış edən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Azərbaycanın dayanıqlı şəhər transformasiyası, beynəlxalq əməkdaşlıq və innovativ şəhərsalma yanaşmalarına sadiqliyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və memarlıq ölkənin milli inkişaf gündəliyinin əsas prioritetlərindən birinə çevrilib. Qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərlərin iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və həyat keyfiyyətinin formalaşmasındakı rolunu bir daha ön plana çıxarır.

Çıxış zamanı diqqətə çatdırılıb ki, BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu səbəbdən torpaq istifadəsi, infrastruktur, mobillik, ictimai məkanlar və ekoloji idarəetmə ilə bağlı verilən qərarlar gələcək nəsillərin həyatına birbaşa təsir göstərəcək.

Riad Qasımov vurğulayıb ki, müasir şəhərsalma artıq yalnız tikinti və zonalaşdırma siyasəti ilə məhdudlaşmamalıdır:

“Şəhərsalma insan yönümlü, iqlimə həssas və məlumat əsaslı kompleks prosesə çevrilməlidir”.

Qeyd olunub ki, "Baku Master Plan 2040" məhz bu yanaşma əsasında hazırlanıb. Sənəd Bakının gələcək inkişafını sistemli şəkildə istiqamətləndirəcək uzunmüddətli strateji çərçivə kimi təqdim olunub.

Baş planın əsas prioritetlərindən birinin insanların həyat keyfiyyətinin yaxşılaşdırılması olduğu bildirilib. Bu çərçivədə parkların, piyada zonalarının, sosial infrastrukturun və ictimai xidmətlərin inkişafına xüsusi diqqət ayrılır.

Çıxışda Mərkəzi Parkın genişləndirilməsi, yeni sahilyanı məkanların yaradılması, şəhər bulvarı və rekreasiya zonalarının inkişafı, həmçinin məhəllə infrastrukturunun yenilənməsi kimi layihələrin daha yaşanıla bilən şəhər vizyonunun tərkib hissəsi olduğu vurğulanıb.

Digər prioritetin ekoloji dayanıqlılıq və iqlim davamlılığı olduğu qeyd edilib. Bildirilib ki, Bakı bir çox sahilyanı şəhərlər kimi ciddi ekoloji çağırışlarla üzləşir və buna görə yaşıl urbanizm, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsipləri baş planda əsas yer tutur.

Riad Qasımov əlavə edib ki, "International Finance Corporation" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaşıl tikinti standartlarının hazırlanması istiqamətində işlər aparılır.

Çıxışda həmçinin vurğulanıb ki, bu təşəbbüslər qlobal iqlim hədəflərinə və COP29, eləcə də COP30 kimi beynəlxalq tədbirlərdə aparılan müzakirələrə uyğun şəkildə həyata keçirilir.

Baş planın üçüncü əsas istiqamətinin isə inteqrasiya olunmuş və səmərəli nəqliyyat sistemi olduğu bildirilib. Qeyd olunub ki, müasir şəhər dayanıqlı və əlaqələndirilmiş nəqliyyat olmadan effektiv fəaliyyət göstərə bilməz.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »