Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən African Union for Housing Finance təşkilatının üzvü, şirkətin prezidenti və icraçı direktoru Arabia Toure Bizimyol.info-ya açıqlamasında forumun onlar üçün mühüm təcrübə və əməkdaşlıq platforması olduğunu bildirib.
O qeyd edib ki, Mali Qərbi Afrikada yerləşən inkişaf etməkdə olan ölkələrdən biridir və nümayəndə heyəti Bakıda keçirilən forumda iştirak etməkdən məmnundur. Arabia Toure ilk növbədə Azərbaycan hökumətinə tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edib.
Nümayəndənin sözlərinə görə, Bakıda gördükləri infrastruktur inkişafı onları olduqca təsirləndirib və bu təcrübə Mali kimi inkişaf etməkdə olan ölkələr üçün ilhamvericidir. O bildirib ki, ölkəsində dayanıqlı və iqlim dəyişikliklərinə davamlı yaşayış evlərinin tikintisi sahəsində müəyyən çətinliklər mövcuddur.
Arabia Toure vurğulayıb ki, forum çərçivəsində əsas məqsədlərindən biri dayanıqlı və iqlim dəyişikliklərinə davamlı mənzillərin tikintisi üçün texniki tərəfdaşlar və ekspert dəstəyi əldə etməkdir. O qeyd edib ki, Mali üçün əlçatan mənzil layihələrinin maliyyələşdirilməsi də mühüm məsələlərdən biridir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, forum çərçivəsində keçirilən panel müzakirələri və çıxışlar nümayəndə heyətində müsbət təəssürat yaradıb. Arabia Toure bildirib ki, forum yalnız Malinin təcrübəsini bölüşmək üçün deyil, eyni zamanda digər ölkələrin təcrübələrini öyrənmək baxımından da mühüm platformadır.
O əlavə edib ki, müxtəlif ölkələrdən olan iştirakçılar arasında fikir və təcrübə mübadiləsi gələcəkdə daha dayanıqlı şəhərlərin qurulmasına və iqlim dəyişikliklərinə qarşı daha davamlı yaşayış məkanlarının yaradılmasına töhfə verə bilər. Arabia Toure forumun davamından da böyük gözləntilərinin olduğunu bildirib.
Leyla Mirzə






