Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Ermənistan sərhədi üçün gözlər Zəngəzurda
Türkiyə-Ermənistan sərhədi üçün gözlər Zəngəzurda

1993-cü ildən bağlı qalan Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi yenidən regionun əsas gündəmlərindən birinə çevrilib. Türkiyə Xarici İşlər Nazirliyinin son açıqlamaları normallaşma prosesinin artıq siyasi bəyanatlardan çıxaraq iqtisadi və texniki mərhələyə keçdiyini göstərir.

Ermənistanla birbaşa ticarət üçün bürokratik hazırlıqların tamamlanması və sərhədin açılması istiqamətində texniki işlərin davam etməsi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığı barədə fikirləri gücləndirir. Bununla yanaşı, Ankara və Bakının prosesi koordinasiyalı şəkildə apardığı, Zəngəzur dəhlizi və Ermənistan Konstitusiyasındakı ərazi iddiaları kimi məsələlərin isə hələ də əsas şərtlərdən biri olduğu vurğulanır.

  • Bütün bu proseslər fonunda Türkiyə–Ermənistan sərhədinin açılması artıq real siyasi ssenariyə çevrilirmi, yoxsa Ankara son qərarı Bakı–İrəvan münasibətlərində tam razılaşmadan sonra verəcək?

Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağdakı qələbə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və Zəngəzur dəhlizi ilə bağlı yaranan yeni reallıq Türkiyə və Azərbaycanın Ermənistana münasibətdə siyasətində yumşalma yaradıb. Onun sözlərinə görə, sərhəd keçid məntəqələrinin bağlanması əvvəlki dövrdə həm siyasi, həm də strateji baxımdan düzgün qərar idi. Lakin Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə daha rasional siyasət yürütməyə başlayıb və bu da sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirib.

Karabulut qeyd edib ki, Türkiyə bütün bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparır. Onun fikrincə, Zəngəzur dəhlizinin açılması sərhəd keçidlərinin də açılmasını sürətləndirə bilər. Politoloq hesab edir ki, bu addım Türkiyə, Azərbaycan və Ermənistanın sosial-iqtisadi rifahına, regional sabitliyə və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edəcək. O bildirib ki, Qarabağ zəfərindən əvvəl sərhədlərin açılması doğru olmazdı, lakin yeni geosiyasi reallıq fonunda bu proses artıq region ölkələrinin maraqlarına uyğun görünür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »