Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 21-ci sanksiyalar paketinin hazırlanması üzərində işləyir.
Bizimyol.info xəbər verir ki, "Politico"nun yaydığı məlumata görə, bu dəfə əsas diqqət Rusiyanın “kölgə donanması” adlandırılan tanker şəbəkəsinə yönələcək. Həmin tankerlər dünya bazarına Rusiya neftinin daşınması üçün istifadə olunur və Moskvanın əsas gəlir mənbələrindən biri hesab edilir.
Məlumata əsasən, yeni sanksiyalar paketinin iyunun sonu və ya iyulun əvvəlində qəbul olunacağı gözlənilir. Məhdudiyyətlər yalnız enerji sektorunu deyil, həmçinin Rusiya banklarını, maliyyə institutlarını, hərbi-sənaye müəssisələrini və Ukraynadan qanunsuz şəkildə çıxarılan taxılın satışı ilə məşğul olan şirkətləri də əhatə edə bilər.
Aİ rəsmiləri bildirirlər ki, Rusiyanın iqtisadi vəziyyəti müharibənin başlanmasından bəri ən ağır dövrlərdən birini yaşayır. İnflyasiyanın artması, iqtisadi aktivliyin zəifləməsi və beynəlxalq təzyiqlərin güclənməsi səbəbindən Brüssel indi sanksiyaların təsirini artırmaq üçün uyğun məqamın yarandığını düşünür.
Bəzi diplomatların sözlərinə görə, əvvəllər Viktor Orbán tərəfindən bloklanan bəzi sanksiyalar da yenidən gündəmə gətirilə bilər. Bunlara Rus Pravoslav Kilsəsinin yüksək vəzifəli nümayəndələrinə qarşı məhdudiyyətlər daxildir.
Eyni zamanda Aİ rəsmiləri hesab edirlər ki, Ukraynanın döyüş meydanındakı son uğurları, uzaqmənzilli silah istehsalını artırması və Avropadan aldığı maliyyə dəstəyi Kiyevin mövqeyini xeyli gücləndirib. Bu səbəbdən Avropa ölkələri Rusiyaya qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədir.
Qadir, Bizimyol.info






