Myanmarda mədənçilər çəkisi 11 min karat olan nəhəng yaqut aşkar ediblər. Bu tapıntı artıq ölkə tarixində ən iri qiymətli daşlardan biri hesab olunur.
Bizimyol.info xəbər verir ki, bu barədə mayın 8-də "Global New Light" dövlət informasiya agentliyi məlumat yayıb.
Rəsmi mənbələrin məlumatına görə, təxminən 4,8 funt (2,2 kiloqrama yaxın) çəkisi olan işlənməmiş qiymətli daş aprelin ortalarında Mogok şəhəri yaxınlığında tapılıb. Həmin ərazi ölkənin əsas qiymətli daş hasilatı mərkəzlərindən biri sayılır.
Mütəxəssislərin sözlərinə görə, bu yaqut Myanmada indiyədək aşkar edilmiş oxşar daşlar arasında çəki baxımından ikinci yerdədir. Daha böyük nümunə 1996-cı ildə tapılmış və 21 450 karat çəkisində olmuşdu.
Bununla belə, ilkin qiymətləndirmələrə əsasən, yeni tapılan yaqut daha yüksək keyfiyyət göstəricilərinə görə daha dəyərli ola bilər.
Bildirilir ki, daş zəngin bənövşəyi-qırmızı rəng çalarına, sarımtıl tonlara, yüksək rəng göstəricisinə, orta şəffaflığa və parlaq əks etdirici səthə malikdir.
Tapıntı ölkədə davam edən silahlı münaqişə və qeyri-sabit vəziyyətə baxmayaraq, dünya üzrə əsas yaqut hasilatı mərkəzlərindən biri hesab edilən bölgədə aşkarlanıb.
Bizimyol.info






