Azərbaycanın xarici siyasət kursunda Avropa istiqaməti uzun illərdir mühüm yer tutur və son dövrlərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq daha praqmatik, çoxşaxəli və strateji xarakter alıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi Kaja Kallas arasında keçirilən görüş də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə müzakirə olunan məsələlər mövcud əməkdaşlıq çərçivəsini genişləndirməklə yanaşı, gələcək perspektivləri müəyyən edən əsas istiqamətləri də əhatə edib.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas sütunlarından biri siyasi dialoqdur və son görüş də bu dialoqun daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsi niyyətini ortaya qoyur. Onun sözlərinə görə, bu, xüsusilə regionda baş verən geosiyasi dəyişikliklər fonunda mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, eyni zamanda regional sabitliyin təmin olunmasında fəal rol oynayan aktora çevrilib.
Ekspert qeyd edib ki, institusional əməkdaşlığın genişləndirilməsi tərəfdaşlıq münasibətlərinin daha strukturlaşdırılmış və uzunmüddətli olmasına xidmət edir. Bu isə hüquqi baza və mexanizmlərin təkmilləşdirilməsi vasitəsilə iqtisadi və siyasi əlaqələrin daha səmərəli qurulmasına şərait yaradır. Görüşdə xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldur.
Son illərdə qlobal enerji böhranı Avropa üçün alternativ və etibarlı enerji mənbələrinin əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Azərbaycan qaz və enerji resurslarının sabit təchizatçısı kimi ön plana çıxır. Cənub Qaz Dəhlizi və digər enerji layihələri vasitəsilə ölkəmiz Avropa bazarına çıxışını genişləndirərək strateji tərəfdaş mövqeyini gücləndirir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi baxımdan qarşılıqlı asılılığı artıraraq münasibətləri daha dayanıqlı edir.
Ticarət, investisiya, rəqəmsallaşdırma və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi də görüşün əsas nəticələri sırasında yer alır. Xüsusilə Orta Dəhliz layihəsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu nəqliyyat marşrutu Asiya ilə Avropanı birləşdirən ən qısa və təhlükəsiz yollarından biri hesab olunur. Onun inkişafı Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, ölkəni regionun əsas logistika mərkəzlərindən birinə çevirə bilər.
Görüşdə diqqət yetirilən digər mühüm məsələ münaqişədən sonrakı dövrdə aparılan bərpa işləri və humanitar mina təmizləmə fəaliyyətləri olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir və bu prosesdə beynəlxalq tərəfdaşların iştirakı xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının bu sahədə dəstəyi həm humanitar, həm də siyasi baxımdan mühüm siqnal kimi dəyərləndirilir. Bu, regionda davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verə bilər.
Ceyhun Bayramov və Kaja Kallas arasında keçirilən görüş bir daha göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri təkcə mövcud əməkdaşlıq çərçivəsində qalmır, eyni zamanda daha geniş və dərin inteqrasiya istiqamətində inkişaf edir. Bu proses qarşılıqlı maraqlara əsaslanan praqmatik yanaşma ilə müşayiət olunur və Azərbaycanın Avropa ilə iqtisadi-siyasi əlaqələrinin daha da möhkəmlənməsinə, enerji təhlükəsizliyində rolunun artmasına və regionda strateji mövqeyinin güclənməsinə ciddi təsir göstərir. Eyni zamanda, tərəflər arasında etimadın artması yeni layihələrin reallaşmasına və uzunmüddətli tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər yeni reallıqlar fonunda daha da aktuallaşır və bu əməkdaşlıq yaxın gələcəkdə regionun siyasi-iqtisadi arxitekturasında mühüm rol oynamaqda davam edəcək.
İradə Cəlil, Bizimyol.info






