Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“BakuBus” MMC: “Ödənişlər kartlardan dərhal silinmir, müəyyən vaxtdan sonra emal olunur”
“BakuBus” MMC: “Ödənişlər kartlardan dərhal silinmir, müəyyən vaxtdan sonra emal olunur”

NFC sistemi ilə - yəni telefon və bank kartları vasitəsilə ödəniş edən bəzi vətəndaşlar şikayət edirlər ki, kartlarından gediş etmədikləri halda belə pul çıxılır. Bu barədə insanların sosial şəbəkədə də şikayet “sel”ini görmək olur. Onların sözlərinə görə, hətta evdə olduqları vaxt kartlarından ard-arda bir neçə dəfə məbləğ silindiyini müşahidə edirlər. Bu səbəbdən bəziləri yenidən “BakıKart” sisteminə qayıtmağı düşündüklərini bildirirlər.

  • Bunun səbəbi nə ilə bağlıdır və bu hal niyə baş verir?

Yaranan sualla bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalına sorğusuna cavab olaraq bildirilib ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər: “Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

Gedişlərə görə ödənişlər kartlardan dərhal silinmir, müəyyən vaxtdan sonra emal olunur. Bu səbəbdən bəzi istifadəçilərə məbləğin ard-arda və ya təkrar çıxılması kimi görünə bilər. Halbuki, hər bir ödəniş sistem tərəfindən ayrıca və düzgün şəkildə qeydə alınır.

Hazırda müşahidə edilən ardıcıl çıxılmalar 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş səfərlərin ödənişlərinin gecikmə ilə işlənməsi ilə bağlıdır. Yəni kartdan silinən vəsait cari günün deyil, məhz həmin günlərdə edilən gedişlərə aiddir.

Belə hallarla üzləşən sərnişinlərə tövsiyə olunur ki, bank kartlarının əməliyyat tarixçəsini yoxlasınlar.

Qeyd olunur ki, sistem yalnız faktiki istifadə edilmiş gedişlər üzrə ödəniş tutur və əlavə və ya artıq məbləğin silinməsi mümkün deyil. Layihənin operatoru BakıKart hesab olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »