Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir gündə eyni dəmir yolu keçidində iki avtomobil qəzası: səbəb və çağırış
Bir gündə eyni dəmir yolu keçidində iki avtomobil qəzası: səbəb və çağırış

Ötən gün dəmir yolunun Xaçmaz-Çarxı sahəsində yerləşən qorunmayan keçiddə qısa zaman kəsiyində iki yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələri təhlil edən Baş Dövlət Yol Polis İdarəsi sürücülərə çağırış edib.

Bizimyol.info xəbər verir ki, hadisələrin biri aprelin 29-da səhər saat 09:00 radələrində baş verib. Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.

Bundan bir qədər sonra - saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlıqoba kənd sakini Tariyel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb sürücü məsuliyyətsizliyidir: “Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması, sonda qəzaları qaçılmaz edib”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »