30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktı ölkənin təhsil tarixində ən ağır və faciəli hadisələrdən biri kimi yadda qalmışdır. Silahlı hücum nəticəsində 12 nəfər günahsız insan həyatını itirmiş, çoxsaylı tələbə və müəllimlər fiziki və mənəvi xəsarətlər almışdır.
Bu qanlı hadisə bütöv bir xalqın kədərinə çevrilməklə yanaşı, cəmiyyətdə təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərini yenidən gündəmə gətirmişdir. Hər il bu tarixdə həyatını itirən gənclərin və elm fədailərinin xatirəsi dərin ehtiramla yad olunur, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır.
Hikmət BabaoğluMilli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsi o dövr üçün ölkə cəmiyyətində dərin sarsıntı yaradan ağır bir faciə kimi yadda qalmışdır. Onun sözlərinə görə, bu hadisə ümumilikdə Azərbaycan cəmiyyətində qorxu mühiti formalaşdırmaq, insanlarda dövlət institutlarına və təhlükəsizlik orqanlarına qarşı inamı sarsıtmaq və ictimai parçalanma yaratmaq cəhdi kimi qiymətləndirilmişdir.
Eyni zamanda, deputat qeyd edib ki, bu terror aktının arxasında müxtəlif radikal və terror yönümlü qüvvələrin dayandığı, hadisənin xaricdən yönləndirilən təzyiq və təsir vasitəsi kimi istifadə olunmağa çalışıldığı barədə müxtəlif qiymətləndirmələr mövcuddur. Həmin dövrdə məqsədin Azərbaycanı milli mübarizə əzmindən çəkindirmək, cəmiyyətdə gərginlik yaratmaq və dövlətə qarşı psixoloji təzyiq formalaşdırmaq olduğu bildirilir.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan dövləti bu kimi ağır sınaqlar qarşısında möhkəm iradə nümayiş etdirərək hadisənin araşdırılmasını operativ şəkildə həyata keçirmişdir. Hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində cinayəti törədən şəxslər müəyyən edilərək ifşa olunmuş və hüquqi məsuliyyətə cəlb edilmişdir. Bu da cəmiyyətin daha böyük mənəvi sarsıntı yaşamasının qarşısını almış və dövlət institutlarına olan inamın qorunmasına xidmət etmişdir.
Deputat əlavə edib ki, zaman keçdikcə Azərbaycan bu cür təhlükələrə qarşı daha güclü sistem formalaşdırmış, nəticə etibarilə dövlətin təhlükəsizlik mexanizmləri daha da təkmilləşdirilmişdir. Onun fikrincə, bu gün ölkənin əldə etdiyi tarixi uğurlar və sabitlik göstərir ki, Azərbaycan cəmiyyəti belə çətin sınaqları geridə qoyaraq daha güclü və dayanıqlı bir mərhələyə qədəm qoymuşdur.
İradə Cəlil, Bizimyol.info






