Asif İbrahimov: “Şəhərsalma və nəqliyyat siyasətində əsas məqsəd həm də iqtisadi aktivliyin qorunması olmalıdır”
Atatürk parkı ətrafında yerləşən böyük parkinqin ləğv edilərək park ərazisinə birləşdirilməsi sakinlərin narazılığına səbəb olub. Onlar bildirir ki, həmin parkinq həm parka gələn vətəndaşlar, həm də yaxınlıqdakı obyektlər üçün əsas rahatlıq mənbəyi idi.
Bir sözlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin parkın girişindəki bu böyük parkingi ləğv edib, parka birləşdirməsini yanlış hesab edirlər. Eyni zamanda parkinqin azalmasının biznes fəaliyyətinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar da var.
. Bu parkinqin ləğvi yaxınlıqdakı restoran və bizneslərə mənfi təsir göstərə bilərmi?
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar artıq öz dükanlarını təhvil veririlər: “Bakı şəhərində şəhər mühitinin yaxşılaşdırılması, ekoloji dayanıqlılığın artırılması və nəqliyyat sıxlığının azaldılması məqsədilə bir sıra mühüm addımlar atılmaqdadır. Amma bu çərçivədə Atatürk parkı ətrafında yerləşən böyük avtodayanacağın ləğv edilərək park ərazisinə birləşdirilməsi haqlı ictimai müzakirəyə səbəb olub. Belə ki, xatırlayırsınızsa, Babək prospektində xüsusi avtobus zolaqlarının yaradılması Babək prospektində yerləşən obyektlərə ciddi zərər vurmuşdu. İnsanlar parkinq çatışmazlığından və cərimələnmə səbəbindən həmin dükanlara gəlmirlər. Həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar artıq öz dükanlarını təhvil veririlər. Oxşar məsələ də qeyd etdiyiniz ərazidə baş verəcək.
Bu verilən qərarların strateji məqsədi şəhərdə daha komfortlu, ekoloji cəhətdən təmiz və piyada yönümlü mühitin formalaşdırılması olsa da, onların qısa və orta müddətli iqtisadi təsirləri də diqqətlə qiymətləndirilməlidir. Belə qərarlar ictimai müzakirəyə çıxarılmalı idi. İnsanlar hansısa məmurun uşaqlıq travmasının qurbanı olmamalıdır”.
Asif İbrahimov həmçinin vurğulayıb: “Atatürk parkı ətrafındakı avtodayanacağın ləğvi uzun illərdir həmin ərazidə fəaliyyət göstərən restoranlar, kafelər və başqa xidmət obyektləri üçün ciddi çətinliklər yarada bilər. Sözügedən parkinq həm park ziyarətçiləri, həm də ətraf biznes subyektlərinin müştəriləri üçün əsas əlçatanlıq vasitələrindən biri idi. Parkinq imkanlarının məhdudlaşdırılması xüsusilə şəxsi avtomobildən istifadə edən müştərilərin sayında azalmaya səbəb ola bilər, bu da ilkin mərhələdə dövriyyənin azalmasına səbəb olar və məşğulluğa mənfi təsir riskini artırır. Maşınını saxlamağa yer tapmayan müştəri, təbii ki, həmin ərazidə istirahət etməyəcək. Bunu anlamaq üçün Harvard məzunu olmağa ehtiyac yoxdur. Eynilə “ictimai nəqliyyatın prioritetləşdirilməsi” məqsədi ilə Babək prospektində yaradılan avtobus zolaqları nəqliyyatın optimallaşdırılması baxımından müsbət məqsəd daşısa da, ətrafdakı biznes subyektlərinə müəyyən mənfi təsirlərini göstərir. Xüsusilə, yol kənarında dayanma və qısa müddətli parklanma imkanlarının məhdudlaşması, müştərilərin obyektlərə birbaşa çıxışının çətinləşməsi, eyni zamanda yükdaşıma və təchizat proseslərində logistika problemlərinin yaranması kimi hallar Babək prospekti boyunca fəaliyyət göstərən ticarət və xidmət obyektlərinin fəaliyyətinə əlavə yük yaradır”.
Asif İbrahimov əlavə edib: “Beynəlxalq təcrübədə ictimai nəqliyyatın inkişafı və piyada zonalarının genişləndirilməsi uzunmüddətli perspektivdə şəhər iqtisadiyyatına müsbət təsir göstərə bilər. Bu nəticənin əldə olunması üçün isə paralel şəkildə alternativ parkinq imkanlarının yaradılması, ictimai nəqliyyatın əlçatanlığının artırılması və biznes subyektlərinin adaptasiyasına dəstək mexanizmlərinin tətbiqi vacibdir. Həyata keçirilən dəyişikliklər iqtisadi təsir baxımından balanslı və mərhələli yanaşma tələb edir. Əks halda, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə risklər yaranacaq. Bu mütləq nəzərə alınmalıdır.
Birmənalı olaraq, şəhərsalma və nəqliyyat siyasətində əsas məqsəd yalnız ekoloji və vizual mühitin yaxşılaşdırılması deyil, həm də iqtisadi aktivliyin qorunması və davamlılığının təmin edilməsi olmalıdır. Bu baxımdan qərarların qəbulunda bütün maraqlı tərəflərin, sakinlərin, sahibkarların və ekspertlərin rəyinin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir”.
Günel Həsənova, Bizimyol.info






