Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Yunanıstana Bərpa və Dayanıqlılıq Fondundan 1,18 milyard avro ayırıb
Avropa Komissiyası Yunanıstana Bərpa və Dayanıqlılıq Fondundan 1,18 milyard avro ayırıb

Avropa Komissiyası Afina tərəfindən 2025-ci ilin dekabrında təqdim olunmuş müraciətin müsbət qiymətləndirilməsindən sonra Yunanıstana Aİ-nin İqtisadi Bərpa və Dayanıqlılıq Fondundan 1,18 milyard avro vəsait ayırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Naftemporiki" qəzeti məlumat yayıb.

Məlumata görə, 23 aprel tarixində ayrılan bu məbləğdən sonra Yunanıstan ümumilikdə Fonddan 24,6 milyard avro əldə edib ki, bu da ölkə üçün nəzərdə tutulan büdcənin 68,5 faizini təşkil edir. Milli iqtisadiyyat və maliyyə nazirliyi bildirib ki, vəsaitlərin ayrılması ölkənin vətəndaşların gündəlik həyatını yaxşılaşdırmağa yönəlmiş əsas sahələrdə layihə və islahatların icrasında əldə etdiyi irəliləyişə əsaslanır.

Səhiyyə sektorunda 9 xəstəxanada genişmiqyaslı təmir işləri başa çatdırılıb, həmçinin enerji təchizatı modernləşdirilib və ölkə üzrə 15 tibb mərkəzində xroniki xəstəliklər şöbələri yaradılıb. Sosial müdafiə sahəsində 1500-dən çox əlilliyi olan şəxsə dəstək məqsədilə fərdi köməkçilərin işə qəbulu tamamlanıb, eləcə də sosial müavinət alanlara 847 min əvvəlcədən ödənişli kart təqdim olunub.

İctimai infrastruktur və xidmətlərin modernləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində ölkənin 269 bələdiyyəsi üçün məlumat emalı mərkəzlərində yeni rəqəmsal avadanlıq alınıb, vergi xidmətləri üçün yeni informasiya sistemi tətbiq olunub, həmçinin sürücülük vəsiqələrinin alınması və nəqliyyat vasitələrinin qeydiyyatı prosedurları sadələşdirilərək rəqəmsallaşdırılıb.

Energetika sektorunda isə bərpa olunan enerji mənbələrinin inkişafı, karbonun tutulması, istifadəsi və saxlanması sahələrində institusional islahatlar aparılıb, həmçinin elektrik enerjisinin qiymətinin müəyyənləşdirilməsi üzrə yeni müqavilələrin bağlanması istiqamətində addımlar atılıb.

Milli iqtisadiyyat və maliyyə nazirinin birinci müavini və Bərpa Fondundan daxilolmalara cavabdeh olan Nikos Papatanasis bildirib ki, “1,18 milyard avro vəsaitin ayrılması Yunanıstanın Fond çərçivəsində bütün layihələri müəyyən olunmuş 31 avqust tarixinədək uğurla başa çatdırmaq üçün göstərdiyi sistemli səylərin praktiki sübutudur. Məqsəd Avropa vəsaitlərindən bir avro belə itirmədən onların ölkənin bütün vətəndaşlarının rifahına yönəldilməsidir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »