“Bu il Antalya Diplomatiya Forumu geosiyasi dəyişikliklərlə yadda qalan, tarixi əhəmiyyətli görüşlərə ev sahibliyi edib. Yüksək səviyyəli iştirakın olduğu bu görüşlər arasında ən vacib və diqqətəlayiq hadisələrdən biri Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirlərinin toplantısı olub.
Yaxın Şərqin, xüsusilə ABŞ, İsrail və İran arasında baş verən münaqişələr fonunda yenidən dizayn edilməsi ciddi problemlər yaradır. Məqsəd ya İsrailin Yaxın Şərqdə ABŞ parametrlərinə uyğun regional hegemon güc kimi mövqeyini möhkəmləndirməsi, ya da regional ölkələrin öz aralarında əhəmiyyətli həmrəylik və əməkdaşlıq nümayiş etdirərək ABŞ-ın dominant mövqeyini zəiflətməsidir. Bu istiqamətdə əvvəlcə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında qurulan ittifaq indi Misir və Türkiyənin iştirakı ilə yeni mərhələyə qədəm qoyur. Xüsusilə İtaliya və İspaniyanın dəstəyi Aralıq dənizi vasitəsilə Yaxın Şərqi birləşdirməyə yönəlmiş mühüm ittifaq sisteminin formalaşmasına şərait yaradır”.
Bu barədə Bizimyol.info xəbər portalına türk politoloq Hüsamettin İnaç danışıb. Politoloq qeyd edib ki, əgər bu ittifaq daha əsaslı, konkret və dərin xarakter alarsa, Yaxın Şərq mövcud uğursuz tarixindən çıxaraq daha sabit mərhələyə keçə bilər. Bu baxımdan, NATO-nun effektivliyinin azaldığı bir dövrə qədəm qoyulduğunu söyləmək mümkündür.
“Həqiqətən də, 28–29 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO zirvə görüşü müəyyən mənada təşkilat üçün dönüş nöqtəsi ola bilər. Bundan sonra regional ittifaqların qurulması, ikitərəfli və üçtərəfli razılaşmaların artması ehtimalı yüksəlir. Qeyd edilən zirvə görüşü bu razılaşmalar üçün ilkin zəmin yaratmaq baxımından olduqca vacibdir. Bu baxımdan, biz həqiqətən də Yaxın Şərqin yenidən formalaşdırıldığı bir dövrdən keçirik. İranla bağlı münaqişələrdən çıxarılan dərslər göstərir ki, Körfəz ölkələri artıq ABŞ-ın təhlükəsizlik arxitekturasına əvvəlki kimi etibar etmir”, – deyə politoloq Hüsamettin İnaç bildirib.
Politoloqun sözlərinə görə, bu vəziyyət Türkiyənin bölgədəki rolunun artmasına və müəyyən mənada ABŞ-ın yaratdığı boşluğu doldurmasına səbəb ola bilər. Bu proses tarixə olduqca həyəcanverici və oyun dəyişdirən inkişaf kimi daxil ola bilər.
Hüsamettin İnaç əlavə edib ki, Türkiyə Yaxın Şərq və Balkanlarda əldə etdiyi təsiri daha da genişləndirərək bölgədə daha güclü mövqe qazana bilər. Bu isə həm təhlükəsizlik arxitekturası, həm də növbəti onillikdə formalaşacaq yeni dünya nizamı baxımından mühüm mərhələ hesab olunur.
“Bu proses Türkiyənin regional gücdən qlobal təsirə malik aktora çevrilməsi yolunda vacib addım kimi qiymətləndirilə bilər”, – deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






