Son iki gündə Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən hadisələr bütün ölkəni sarsıdıb. Məktəblər uşaqların təhlükəsizliyinin təminatçısı olmalı olan məkanlar qanlı hücumların mərkəzinə çevrildi.
Hələ bir faciənin təsiri azalmamış ikincisinin baş verməsi ictimai narahatlığı daha da artırıb. Valideynlər, müəllimlər və şagirdlər şok və qorxu içindədir.
İlk hadisə Şanlıurfada baş verib. 2007-ci il təvəllüdlü şagirdin əvvəl oxuduğu məktəbə silahla daxil olaraq atəş açması nəticəsində şagirdlər, bir müəllim və bir polis əməkdaşı daxil olmaqla çoxsaylı insanın yaralandığı bildirilir. Hadisə zamanı polis müdaxiləsi nəticəsində şübhəli tutulacağını anlayaraq intihar etdiyi bildirilir.
Bundan cəmi bir gün sonra Kahramanmaraşda da oxşar bir faciə yaşandı. Məktəbin 14 yaşlı şagirdi bel çantasında atasına aid olduğu silahla heç bir hədəf seçmədən, xüsusilə 5-ci sinif şagirdlərinin olduğu iki sinif otağına daxil olaraq atəş açmışdır. Təsssüf ki, xeyli yaralı və ölənlər var.
Hücumu həyata keçirən şagird daha sonra intihar edib. Atasının keçmiş polis əməkdaşı olduğu bildirilir. Silahları atasından götürdüyü, hadisə yerinə 5 silah və 7 patron darağı ilə gəldiyi təxmin edilir.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, “15.04.2026-cı il tarixində Kahramanmaraşda bir məktəbdə baş verən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində ilkin araşdırmalarda şəxsin WhatsApp profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rodgerə istinad edən bir görüntü istifadə etdiyi müəyyən edilib. Hadisəni törədən şəxsin atası saxlanılıb və məhkəməyə çıxarıldıqdan sonra həbs edilib” ifadələrinə yer verilib.
Bu iki hadisə bir daha ciddi bir sualı gündəmə gətirir: məktəblər necə oldu ki, bu qədər müdafiəsiz qaldı? Uşaqların və yeniyetmələrin silaha bu qədər asan çıxışı, ailə nəzarətinin zəifliyi, sosial mühitdəki boşluqlar sistemli problem kimi dəyərləndirilməlidir.
Bu faciələr sadəcə baş verən hadisələr kimi deyil, ciddi bir xəbərdarlıq kimi nəzərə alınmalıdır. Çünki hər gecikən addım, hər gözardı edilən risk, növbəti faciənin zəminini hazırlaya bilər.
Günel Həsənova, Bizimyol.info






