Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda səhiyyə islahatları: məqsədlər və nəticələr
Azərbaycanda səhiyyə islahatları: məqsədlər və nəticələr

Azərbaycanda tibbin, səhiyyənin tarixi çox qədimdir. Ancaq çağdaş tibbi xidmət və tibbi təhsil sistemi XIX əsrdən başlanıb. Məhz həmin dövrdə Avropa kontinental tibbi xidmət sistemi Azərbaycana gəldi.

O zamana qədər şərq, İslam təbabət ənənələri hakim idi. Az-çox bacarıqlı, bilikli həkimlər, loğmanlar hökmdarların, şahların, xanların saraylarında cəmləşmişdi. Əhalinin tibbi xidmətə əlçatanlığı kifayət qədər deyildi.

Hazırkı dövrdə Azərbaycan səhiyyə sistemi kontinental Avropa sisteminə uyğundur. İstər Sovetlərə qədərki, istərsə də Sovet tibb məktəbi də məhz Avropa məktəbinin proyeksiyası idi. Azərbaycan istiqlal təfəkkürünün formalaşmasında böyük rol oynamış Əli bə Hüseynzadə təkcə ideoloq, filosof kimi yox, həm də həkim, tibb mütəxəssisi idi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində isə ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəyli müstəqil Azərbaycan dövlətinin səhiyyə sisteminin təməllərinin atılmasında çox böyük rol oynayıb.

Sovet dövründə Azərbaycanda tibbin inkişafında önəmli rol oynamış tarixi şəxslər, tanınmış həkimlər, tibb alimləri olub. Bir dövrdə respublikaya rəhbərlik etmiş şəxslərdən biri elə həkim olub. Mustafa Topçubaşov, Məmmədtağı Qasımov, Zərifə Əliyeva və başqa məşhur simalar, böyük tibb alimləri, tibb təşkilatçıları səhiyyə sisteminin formalaşmasında və inkişafında tarixi xidmətlər göstəriblər.

Müasir dövrdə, yəni hazırkı mərhələdə isə biz Azərbaycanda tibbin, səhiyyənin yeni mərhələyə keçidinin şahidləriyik. Azərbaycan prezidentinin qanunvericilik təşəbbüslərinin nəticələri olaraq, lazım olan təməl qanunvericilik bazası formalaşdırılıb və bu, daim təkmilləşdirilir. Eyni zamanda Prezident İlham Əliyev öz səlahiyyətləri çərçivəsində əlində olan normativ-hüquqi alətlərlə - fərman və sərəncamlar verməklə əhalinin sağlamlığının qorunmasına, səhiyyə sisteminin daha təkmil, tibbi xidmətin daha keyfiyyətli və əlçatan olmasına mühüm töhfələr verir. Bu sahə, əlbəttə, ölkə prezidentinin birbaşa diqqətində və nəzarətində inkişaf edir. Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyevanın da səhiyyə sisteminə, ümumiyyətlə, əhalinin sağlamlığının qorunmasına ayrıca diqqəti, həssas münasibəti var. Bunu müşahidə edirik. Mehriban Əliyeva hələ yüksək dövlət postu tutmazdan əvvəl də Heydər Əliyev Fondunun proqramları vasitəsilə bu sferaya qayğısı həmişə hiss olunurdu. Ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında, inkişafında mühüm rol oynayan tanınmış şəxslərin, ayrı-ayrı həssas qruplardan olan insanların, xüsusilə uşaqların, qadınların, şəhid ailələri üzvlərinin, qazilərin müalicəsinə və ya əməliyyat olunmasına həm Prezident özü, həm də birinci xanım çox diqqət və dəstək göstərmişlər.

Bütün bunlar, əlbəttə, çox mühümdür, xeyirxah əməllərdir; cəmiyyət də bunu görür, hiss edir, hər zaman yüksək dəyərləndirir. Ancaq dövlət başçısı, eləcə də, birinci vitse-prezident bunun da yetərli olmadığını bilir, görür. Ona görə də bu cür diqqət və qayğının əhalinin bütün təbəqələrini əhatə etməsi üçün əllərindən gələn hər şeyi edirlər. Səhiyyə sistemindəki permanent islahatlar da bu yanaşmanın nəticəsidir.

Açıq demək lazımdır, səhiyyə sistemində qüsurlar da var, tibb xudmətində çatışmazlıqlar da var. Allahdan başqa heç bir varlıq, eləcə də, heç nə mükəmməl deyil. O cümlədən, milli səhiyyədə. Ancaq biz bu qüsurların nəinki özünün, başlıcası, onları doğuran səbəblərin aradan qaldırılması üçün atılan addımların da fərqindəyik. Davamlı və sistemli islahatlar da bu məqsədlə və bu istiqamətdə aparılır.

Biz dəfələrlə ABŞ-da, Avropa ölkələrində olmuşuq. Hətta müəyyən müddət Amerikada qalmaq zərurəti də olub. Oradakı tibbi xidmətlə milli səhiyyəni müqayisə etmək imkanımız var. Təbii ki, ABŞ-da, Avropada ən müasir tibbi avadanlıqlar, ən son nəsil müayinə aparatları, qabaqcıl müalicə protokolları, tibbi əməliyyat blokları var. Ancaq bu, heç də ölkələrin hamısında və hər birinin də bütün ərazisində eyni səviyyədə deyil. Tibbi sığorta sistemləri, bəli, inkişaf edib, yayğındır. Ancaq bu, tibbi sığortanın hər yerdə və hər kəs üçün əlçatanlığı anlamına gəlmir. Müxtəlif xəstəxanalar müxtəlif sığorta şirkətləri ilə işləyir; pasiyentin sığorta məbləği, sığorta növü xəstəxanalarda qəbul olunmur. Üstəlik tibbi xidmətin qiymətləri çox yüksək, əlçatanlığı çox aşağı olur. Təcili və təxirəsalınmaz yardım xidmətləri də çox bahadır və heç də hər yerdə eyni dərəcədə sistemli və operativ deyil. Bəzən pasiyent sadəcə dişini müayinə, yaxud müalicə etdirmək üçün yüz kilometrlərlə yol getməli olur.

Biz indi Azərbaycanda iki tendensiyanı izləyirik. Bir yandan, Azərbaycan həkimləri işləmək üçün Amerikaya, Avropaya getməyə can atır, çünki orda qiymətlər bahadır. O biri yandan isə, Amerikada, Avropada yaşayan Azərbaycanlılar öz müayinə, müalicə, eləcə də, kiçik əməliyyatlar keçirmək məqsədilə öz Vətəninə can atır, çünki... orda qiymətlər bahadır. Beləliklə, Azərbaycanlı həkimlər xaricə can atır ki, çox qazansın. Xaricdəki pasiyentlər Azərbaycana can atır ki, az xərcləsin. Biz hər iki tendensiyaya dair misallar gətirə bilərik; konkret canlı örnəklər - tanıdığımız adamlar var.

Bu, nədən xəbər verir?

Bu, ondan xəbər verir ki, Azərbaycan həkimliyi - tibbi personal heç də Qərb ölkələrindən geri qalmır (belə olmasaydı, həmin ölkələrdə, məsələn, Almaniya kimi yüksək səhiyyə ölkəsi Azərbaycanlı həkimlərə bu qədər tələbat hiss etməzdi), ikincisi, Azərbaycanda tibbin əlçatanlığı, özəl tibb ocaqlarında qiymətlərin ucuzluğu,dövlət xəstəxanalarında havayı olmağı insanları cəlb edir. Bu, Azərbaycana məxsus hubrid modelin, əlbəttə, ideal olduğu anlamına gəlməz. Ancaq əsas odur ki, sistemin özülü doğru qoyulub və bu, davamlı olaraq, təkmilləşdirilir. Hazırkı struktur islahatları da bununla bağlıdır. O cümlədən və xüsusilə, 19 mart 2026-cı il tarixli prezident fərmanı bu məqsədə yönəlib. İcbari Tibbi Xidmət Üzrə Dövlət Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir. Daha geniş səlahiyyətlə və daha böyük resurslarla yeni struktur qurulur. Yəni əhaliyə tibbi xidmət artıq, sadəcə, səhiyyə demək deyil, əslində sosial müdafiə statusuna qaldırılır. Bir sözlə, əhalinin sağlamlığı dövlətin əsas prioritetlərindən biri olaraq qəbul edilib.

Göründüyü kimi, ölkə rəhbərliyinin tibbi xidmətin yeni fəlsəfəsinə dair yanaşması məlumdur: tibb hər yerdə və hər kəsə əlçatan olmalıdır. Yəni istər bu xidmətin coğrafi məsafəsi, istər xidmətin keyfiyyəti, istərsə də, qiymətlərin uyğunluğu əhalinin sağlamlıq maraqlarına cavab verməlidir. Bir az əvvəl dediyimiz kimi, artıq əvvəlki kimi təkcə ayrı-ayrı fərdlərin, zümrələrin, ayrı-ayrı sosial kateqoriyalarlb deyil, bütövlükdə ölkə əhalisinin - körpəsindən qocasına qədər hamının və hər kəsin sağlamlığı ölkə rəhbərliyinin birbaşa və sistemli diqqətinə və nəzarətinə götürülür. Aparılan islahatların qısa tərifi budur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »