İranla əlaqəli “Hanzala” (Handala) adlı haker qrupu İsrailin keçmiş Baş Qərargah rəisi Herzi Halevinin elektron cihazlarına sızaraq əldə etdiyi gizli foto və videoları yayımlayıb.
Bizimyol.info xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, qrupun əlində 19 min gizli foto və video var və bu materiallar daha əvvəl ictimaiyyətə açıqlanmayan məxfi görüşləri də ifşa edir.
Qrup uzun illərdir Halevini izlədiyini iddia edərək internet saytında: “Bütün məxfi obyektləriniz, böhran otaqlarınız, xəritələriniz və hətta komanda mərkəzlərinizin ən xırda detalları belə uzun müddətdir bizim üçün açıq kitab kimi idi”, - deyə qeyd edib.
Yayımlanan materiallar arasında Halevinin hərbi bazalara səfərləri, pilotlarla görüşləri, brifinqlər və iclaslar keçirməsi, eləcə də ofisində işlədiyi anları əks etdirən onlarla foto və video yer alır.
Görüntülərdən birində onun İordaniyada həmkarı Yusif əl-Huneyti ilə görüşdüyü və 1967-ci ildə baş vermiş “Altı Gün Müharibəsi”ndə həlak olmuş iordaniyalı əsgərə məxsus xəncəri ona hədiyyə etdiyi əks olunub.
Qrup həmçinin Halevinin vəzifədə olduğu dövrdə Qətərdə ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Maykl Kurilla və Qətər rəsmiləri ilə keçirdiyi gizli görüşlərin fotolarını da yayımlayıb.
Handala daha əvvəl də İsrailin sabiq baş naziri Naftali Bennet, keçmiş ədliyyə naziri Ayelet Şaked və baş nazir Benyamin Netanyahunun baş müşaviri Tsaxi Bravermanın telefonlarının şifrəsini sındırdığını açıqlamışdı.
Qeyd edək ki, Herzi Halevi 2023-cü ilin yanvarından 2025-ci ilin martına qədər İsrail Baş Qərargah rəisi vəzifəsində çalışıb.
Qadir, Bizimyol.info






