Ermənistan ötən beş ay ərzində Azərbaycan və Gürcüstan vasitəsilə dəmiryolu ilə 23,5 min ton taxıl idxal edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib.
Taxıl tədarükü dəmiryolu marşrutu ilə həyata keçirilir: Azərbaycan ərazisindən (Gəncə — Böyük Kəsik hissəsi) Gürcüstana, oradan isə Gardabani — Tbilisi marşrutu ilə Ermənistan-Gürcüstan sərhədinə (Sadakhlo — Ayrym) çatdırılır.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, 2025-ci ildə tədarük Qazaxıstan və Rusiya hesabına 6 600 ton təşkil edib. 2026-cı ildə isə taxıl yükləri yalnız Rusiyadan Ermənistan ərazisinə Azərbaycan və Gürcüstan vasitəsilə gətirilib və ümumi həcmi 17 min ton olub. Dəmiryolu ilə tədarük olunan əsas məhsul buğdadır.
Nazirlik qeyd edib ki, Azərbaycan və Gürcüstan marşrutu “Verxniy Lars” sərhəd-keçid məntəqəsi ilə ənənəvi tədarük yoluna rəqabətədavamlı alternativ kimi qiymətləndirilə bilər. Bu, dəmiryolu ilə taxıl daşımalarının həcminin artması ilə təsdiqlənir.
“Rentabellik bir sıra amillərdən, o cümlədən valyuta məzənnəsindən, taxılın silolardan vagonlara birbaşa yüklənməsi imkanından, alıcının dəmiryolu infrastrukturunun mövcudluğundan və vagon icarə xərclərindən asılıdır”, — deyə nazirlikdən bildirilib.
Hökumət bu marşrutu uzunmüddətli layihə kimi nəzərdən keçirir.
Bizimyol.info






