Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: "Gənclərin Vətənin müdafiəsinə psixoloji cəhətdən hazır olmasında hamımızın üzərinə müəyyən öhdəliklər düşür"
Hərbi ekspert: "Gənclərin Vətənin müdafiəsinə psixoloji cəhətdən hazır olmasında hamımızın üzərinə müəyyən öhdəliklər düşür"

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısını almaq məqsədilə Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, həmçinin “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər edilib. Vətəndaşların üzrlü səbəb olmadan tibbi müayinəyə, hərbi xidmətə və toplanışlara gəlməməsi “çağırışdan boyun qaçırma” kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur. Eyni zamanda, belə hallarda vətəndaşların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla və yaşadığı yer üzrə hərbi qeydiyyat qaydalarına əməl etmədikdə məsuliyyət tətbiq oluna bilər.

  • Hərbi xidmətə çağırışdan yayınmanın qarşısını almaq yalnız cərimə və hüquqi məsuliyyət tədbirləri ilə mümkündürmü, yoxsa başqa yanaşmalar da vacibdir?

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vətən müharibəsinə qədər də, hətta Vətən müharibəsindən sonra da xidmətdən yayınma halları çox az olub: “Səfərbərliklə bağlı toplantılarda, kurslarda ehtiyatda olan əsgər, zabit və digər rütbədə olan peşəkarlar mütəmadi olaraq öz hərbi bacarıqlarını təkmilləşdirməlidirlər. Eyni zamanda həmin toplantılarda ehtiyac olan sahələrə və peşələrə yiyələnməlidirlər. Səfərbərlik toplantıları və səfərbərliklə bağlı tədbirlər dövlətin bilavasitə təhlükəsizliyinə təsir edən vacib amildir. Bu səbəbdən də, səfərbərliklə bağlı toplantılar və tədbirlərlə bağlı bu mədəniyyəti formalaşdırmaq lazımdır. Əgər hərbi xidmətdən yayınma daha çox psixoloji faktlarla bağlıdırsa, səfərbərlikdən yayınma bəzən şüurlu şəkildə həyata keçirilir. Bu da qanunda sərt cəzalarla müşahidə olunacaq bir haldır”.

Şair Ramaldanov Şair Ramaldanov

“Azərbaycanın geosiyasi vəziyyətini, gedən prosesləri nəzərə alaraq, səfərbərlik resursunun, ehtiyat resursumuzun hazırlıqlı olması bizim fövqəladə hallarda, müharibə şəraitində qüdrətimizin yüksəlməsinə xidmət edən amildir. Yeni hərbi şəhərciklər yaranır. Həmin şəhərciklər müasir tələblərə uyğun, sosial təminatlı şəhərciklərdir. Bu gün gənclərimizin yaşayış şəraiti və fiziki hazırlığı nəzərə alınır. Bugünkü hərbi şəhərciklər artıq 50–60 il əvvəl tikilən və orada olan şəraitlərlə müqayisədə qat-qat üstünlük təşkil edir”-deyə ekspert qeyd edib.

“Biz hələ ki, Ermənistanla sülh müqaviləsi bağlamamışıq və sülh müqaviləsi bağlandıqdan sonra sərhədlər müəyyənləşdiriləndən, delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra zəruri olan hərbi hissələr müasir hərbi şəhərciklərdə, daimi yerlərdə dislokasiya olunacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə çoxsaylı şəhərciklərin tikilməsi prosesi gedir. Bizim gənclərimiz həmin şəhərciklərdə dislokasiya olunaraq, orada döyüş hazırlığı ilə məşğul olacaqlar. Əgər onlar səngərlərdə və dağlıq ərazidə xidmət aparırlarsa, sülh müqaviləsi bağlandıqdan sonra hərbi xidmətdə olan gənclər məhz o şəhərciklərdə yerləşərək, sosial təminatı, tibbi təminatı və digər ehtiyacları təmin edilmiş şəkildə xidmətlərini davam etdirəcəklər”-deyə Şair Ramaldanov bildirib.

Şair Ramaldanov qeyd edib ki, Müdafiə Nazirliyində müvafiq qurumlar tərəfindən əsgərlərin fiziki və psixoloji durumunu nəzərə alaraq çox geniş təhlillər aparılır: “Bu təhlillərin nəticəsində hərbi xidməti əsgərlərin bu faktorları nəzərə alınaraq, istər fiziki hazırlıq normativ tələbləri, istərsə də hərbi xidmətlə bağlı tələblər müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsini qoruyaraq, imkan olan istiqamətdə yumşaldılacaq. Texniki imkanlar və müasir avadanlıq şəraiti yaradılıb. Təkmilləşdirmə işləri aparılır və müəyyən dəyişikliklər həyata keçirilir. Azərbaycanda bundan sonra hərbi xidmətə çağırılanların xidməti üçün maksimum uyğun şərait tam şəkildə təmin olunacaq. Bu gün Azərbaycanda gedən vətənpərvərlik ruhunun formalaşmasında aparılan işləri gənclərimizin gələcəkdə xidmətə daha hazırlıqlı olmasının təminatı kimi qəbul etmək olar. Bu, kompleks prosesdir. Gənclərin vətənin müdafiəsinə psixoloji cəhətdən hazır olmasına çalışmaq hamımızın vəzifəsidir”.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »