15 mart 2026-cı il tarixində Qazaxıstanda keçirilən referendumda yeni Konstitusiya rəsmi olaraq təsdiqləndi və səslərin təxminən 87,15 %-i lehinə oldu. Referendum nəticəsində parlamentin iki palatalı sistemi ləğv edilərək birpalatalı parlamentə keçid edildi, vitse-prezident postu yenidən bərpa olundu, həmçinin prezident tərəfindən təyin olunan üzvlərlə “Xalq Şurası” adlı yeni orqan yaradıldı. Bu dəyişikliklər Konstitusiyada prezidentin səlahiyyətlərinin genişləndirilməsi və idarəetmə strukturunun yenidən qurulması istiqamətində atılan addımlar kimi qiymətləndirilir.
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qazaxıstanın Konstitusiya dəyişikliyini Rusiyadan qopmaq istiqamətində atılan addım olaraq şərh etmək yanlış olar, Tokayevi bu çərçivədə ilk təbrik edənlərdən biri elə Rusiya Prezidenti Putindir. Politoloqun fikrincə, edilən dəyişikliklər daha çox hazırkı xarici siyasət xəttinin davam etdirilməsi imkanının gücləndirilməsi və hakimiyyətin tranzitinin idarə olunan modelə keçirilməsi kimi dəyərləndirilə bilər: “Belə ki, Qazaxıstan hazırda Rusiya, Çin və Qərb (Avropa və ABŞ) ilə balanslı siyasi münasibətlər saxlayır və bu, çoxvektorlu əməkdaşlıq modeli, KTMT-də iştirakla müşayiət olunur. Tokayevin bu siyasəti tərəfləri qane edir. Regional balansın dəyişdirilməsi dünyanın enerji ilə olduqca zəngin olan regionunu həssaslaşdıra və münaqişə zonasına çevirə bilər”.
Şəhla Cəlilzadə“2022-ci ildə hakimiyyət çevrilişi cəhdi Tokayevin müraciəti əsasında KTMT-nin, başqa sözlə, Rusiyanın müdaxiləsi ilə aradan qaldırılmışdı: 2022-ci il hadisələri və Rusiya-Ukrayna müharibəsi fonunda Qazaxıstan Rusiyadan ehtiyatlı məsafə saxlayır, Çinlə iqtisadi əməkdaşlığı artırır və Qərblə əlaqələri strateji balans olaraq dəyərləndirir. Bənzər çevriliş cəhdləri yeni seçkilər dönəmində təkrarlana bilər.
Konstitusiyaya edilən dəyişikliklər milli institutların möhkəmliyi, xüsusilə prezidentlik institutunun güclənməsi və hakimiyyətin çevik ötürülməsinin təşkilinə xidmət edəcəkdir. Bu, həm də Qazaxıstanın milli suverenliyinin qorunması istiqamətində atılan addım olaraq qiymətləndirilə bilər,” – deyə Şəhla Cəlilzadə bildirib.
İradə Cəlil, Bizimyol.info






