Azərbaycanda aliment ödəməyən 2344 nəfərin həbs edilməsi barədə yayılan məlumat cəmiyyətdə yenidən köhnə, amma hələ də cavabı tam tapılmayan bir sualı gündəmə gətirdi. Aliment ödəməyən şəxsin həbs olunması problemi həll edirmi?
Bir tərəfdən məsələ çox sadə görünür. Məhkəmə qərarı var, uşaq var və həmin uşağın dolanışığı üçün müəyyən edilmiş pul var. Bu pul ödənmirsə, deməli qanun pozulur və qanunu pozanın cəza alması təbii sayılır. Bu məntiqə görə həbs həm cəza, həm də digərləri üçün xəbərdarlıqdır.
Amma məsələnin digər tərəfi də var. Həbs edilən bir şəxs işləyə bilmir. İşləməyən bir insan isə aliment ödəyə bilməz. Nəticədə ortaya paradoksal bir vəziyyət çıxır. Uşağın pulunu ödəməyən şəxs həbs olunur, amma həbsdə olduğu müddətdə həmin uşaq yenə də aliment ala bilmir. Bu, problemi hüquqi müstəvidən daha çox sosial müstəviyə keçirir. Reallıq ondan ibarətdir ki, aliment borclularının hamısı eyni kateqoriyaya aid deyil. Bəziləri doğrudan da məsuliyyətdən yayınmaq üçün müxtəlif yollar axtarır, gəlirlərini gizlədir və ödənişdən qəsdən qaçır. Belə hallarda sərt cəzanın tətbiqi başadüşüləndir. Çünki burada artıq söhbət sadəcə maddi çətinlikdən yox, məsuliyyətsizlikdən gedir.
Ancaq başqa bir qrup da var. Qeyri-rəsmi işləyən, stabil gəliri olmayan, işsiz və ya sosial problemlərlə üzləşmiş insanlar. Bu kateqoriyaya daxil olan şəxslərin həbs olunması isə problemi həll etməkdən çox onu daha da mürəkkəbləşdirir. Çünki əsas məqsəd kimisə cəzalandırmaq yox, uşağın maddi təminatını qorumaq olmalıdır.
Bir çox ölkələrdə bu məsələyə fərqli yanaşma mövcuddur. Məsələn, aliment borcu birbaşa maaşdan tutulur, borclunun bank hesablarına nəzarət edilir, bəzi hallarda dövlət uşağa müvəqqəti aliment ödəyir və sonradan həmin vəsaiti borcludan geri alır. Yəni sistem elə qurulur ki, uşaq pulunu gecikmədən alsın.
Azərbaycanda isə problem daha çox cəza mexanizmi üzərindən həll edilməyə çalışılır. Əlbəttə, qanun pozuntusu cəzasız qala bilməz. Lakin həbs aliment problemini həll edir, yoxsa sadəcə statistikanı artırır?
Əgər məqsəd həqiqətən də uşaqların sosial müdafiəsidirsə, o zaman yanaşma yalnız cəza ilə məhdudlaşmamalıdır. İş yerlərinin təşviqi, rəsmi əmək münasibətlərinin genişləndirilməsi, maaşdan avtomatik tutulma mexanizmləri və sosial nəzarət kimi alətlər daha effektiv nəticə verə bilər. Çünki aliment məsələsində əsas məsələ kim cəzalandırıldı yox, uşaq pulunu aldımı olmalıdır.
Leyla Mirzə, Bizimyol.info






