ABŞ müharibədə “controlled escalation” strategiyası tətbiq edərək addım-addım eskalasiyaya gedir və hər mərhələdən sonra çıxış planını qoruyur. Bu, həm rəqibə psixoloji və taktiki üstünlük verir, həm də öz hərbi resurslarını, xüsusən raket və "interceptor"larda qənaəti təmin edir. Hazırda ABŞ müharibəni sürətləndirməkdə ehtiyatlı davranır, çünki ani hərbi hücum resursların tükənməsinə və logistika çətinliklərinə yol aça bilər.
- ABŞ-ın yavaş və ölçülü addımlar atması strateji seçimdən irəli gəlir, yoxsa resurs məhdudiyyəti onu məcbur edir?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın “yavaş və ölçülü” addımlar atması adətən iki amilin kombinasiyasıdır: həm şüurlu strateji seçim, həm də müəyyən resurs və siyasi məhdudiyyətlər.
Anar İsayev“ABŞ xüsusilə böyük güclərlə (Rusiya, Çin, İran) qarşıdurmada çox vaxt “idarə olunan eskalasiya” modelinə üstünlük verir. Bunun da bir neçə səbəbləri var:
1. Nüvə riskinin idarə olunması – kəskin və sürətli eskalasiya nəzarətdən çıxa bilər.
2. Müttəfiqlərlə koordinasiya – NATO və ya digər koalisiyalarda konsensus vaxt tələb edir.
3. Psixoloji üstünlük – addım-addım təzyiq qarşı tərəfi qeyri-müəyyənlikdə saxlayır.
4. Geri dönüş imkanı – hər mərhələdən sonra diplomatik çıxış yolu saxlanılır.
Ukrayna müharibəsində ağır silahların mərhələli şəkildə verilməsi birbaşa Rusiya ilə toqquşma riskini ölçmək məqsədi daşıyırdı. Qeyd edim ki, bu yanaşma tam “rahatlıqdan” doğmur. Burada da bir neçə faktorlar nəzərə alınır. Onlardan biri; sursat və istehsal zənciri problemlərini qeyd etmək olar. Xüsusilə, artilleriya mərmiləri və hava müdafiə sistemləri sahəsini. Həmçinin eyni vaxtda bir neçə cəbhə – Ukrayna, Yaxın Şərq, Tayvan faktorunu qeyd etmək olar.
Təsir göstərən amillərdən biri də daxili siyasi parçalanma – Konqresdə maliyyə paketləri üzərində çəkişmələrdir. Seçki dövrlərində administrasiyalar riskli addımlardan çəkinə bilər. Yəni bəzi hallarda “ölçülülük” məcburiyyətdən də qaynaqlanır”-deyə Anar İsayev qeyd edib.
Anar İsayev bildirib ki, Rusiya ilə bağlı xəttdə daha çox strateji idarəetmə elementi görünür, İran və Yaxın Şərq kontekstində resurs və regional risk hesablaması daha qabarıqdır, Çin istiqamətində isə ABŞ həm strateji səbr, həm də uzunmüddətli sənaye hazırlığı modelini tətbiq edir: “ABŞ-ın yavaş hərəkəti nə zəiflikdir, nə də sırf resurs çatışmazlığı. Bu, böyük gücün riskləri kalibrləyərək təzyiqi davamlı saxlamaq cəhdi, amma paralel olaraq real iqtisadi və siyasi məhdudiyyətlərlə balans aparmaq məcburiyyətidir”.
İradə Cəlil, Bizimyol.info






