Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yaxın Şərqdə hərbi gərginliyin artmasını qətiyyətlə pisləyib, bunun beynəlxalq sülh və sabitliyi sarsıtdığını bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə beynəlxalq təşkilat rəhbərinin mətbuat xidməti məlumat verib.
“Mən bu gün Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı qınayıram. ABŞ və İsrailin İrana qarşı güc tətbiq etməsi, eləcə də İranın regionda verdiyi cavab beynəlxalq sülh və sabitliyi təhlükə altına qoyur”, - deyə BMT tərəfindən yayılan bəyanatda qeyd edilir.
Quterreş Yaxın Şərqdə döyüş əməliyyatlarının dərhal dayandırılmasına və vəziyyətin gərginliyinin azaldılmasına çağırıb.
“Mən dərhal atəşin dayandırılmasına və deeskalasiyaya çağırıram. Bunun baş verməməsi daha genişmiqyaslı regional münaqişə riski yaradır ki, bu da mülki əhali və regional sabitlik üçün ciddi nəticələrə səbəb ola bilər. Bütün tərəfləri danışıqlar masasına qayıtmağa qəti şəkildə çağırıram”, - deyə Quterreşin adından yayılan bəyanatda bildirilir.
Qadir, Bizimyol.info






