Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Paytaxt Tehranın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib və alovlanmalar müşahidə olunub.
Bizimyol.info xəbər verir ki, "Fars News Agency" xəbər verir ki, bir neçə raket Tehranda Universitet küçəsinə və Cümhuri (Jomhouri) ərazisinə düşüb. Şəhərin müxtəlif nöqtələrindən tüstü qalxdığı bildirilir.
İranın yarırəsmi "Tasnim News Agency" agentliyi partlayışların Tehranın şimalındakı Seyyid Xəndan bölgəsində də baş verdiyini açıqlayıb. Digər İran KİV-ləri hücumların ölkənin müxtəlif bölgələrini, o cümlədən qərbdə yerləşən İlam vilayətini əhatə etdiyini bildirib.
ABŞ Prezidenti Donald Trump birgə hücumların “İran rejimindən qaynaqlanan yaxın təhlükələri aradan qaldırmaq” məqsədi daşıdığını deyib.
“Az əvvəl ABŞ ordusu İranda genişmiqyaslı döyüş əməliyyatına başlayıb. Məqsədimiz İran rejimindən gələn təhdidləri aradan qaldıraraq Amerika xalqını müdafiə etməkdir”, – deyə o bildirib.
İsrailin müdafiə naziri Israel Katz isə raket hücumunun “İsrail dövlətinə qarşı təhlükələri aradan qaldırmaq” məqsədilə həyata keçirildiyini iddia edib.
ABŞ rəsmisi "Al Jazeera"ya bildirib ki, hücumlar ABŞ və İsrailin birgə hərbi əməliyyatı çərçivəsində həyata keçirilib. ABŞ regionda çoxsaylı döyüş təyyarələri və hərbi gəmilər cəmləşdirərək İranı nüvə proqramı ilə bağlı razılaşmaya məcbur etməyə çalışır. Digər bir ABŞ rəsmisi "Reuters" agentliyinə hücumların hava və dənizdən aparıldığını deyib.
"The Associated Press" xəbər verir ki, hədəfə alınan ərazilərdən biri İranın ali rəhbəri Ayatollah Əli Xameneinin ofislərinin yaxınlığı olub. "Reuters-"in istinad etdiyi rəsminin sözlərinə görə, Xamenei hazırda Tehranda deyil və təhlükəsiz yerə köçürülüb.
Tehrandan məlumat verən Maziar Motamedi bildirib ki, paytaxtın bir neçə hissəsində mobil rabitə kəsilib: “Hazırda zəng etmək mümkün deyil”.
Qadir, Bizimyol.info






