Fevralın 26-sı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam yüzlərlə insanın həyatına son qoydu, ailələr dağıldı, uşaqlar, qadınlar, qocalar amansızlıqla qətlə yetirildi. Bu hadisə xalqımızın yaddaşına silinməz iz kimi həkk olundu.
Xocalı soyqırımı təkcə bir şəhərin faciəsi deyil, bütöv bir millətin ağrısıdır. O gecə yaşananlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı cinayət idi. Uzun illər Xocalının adı həsrət, nisgil və ədalət çağırışı ilə birlikdə çəkildi.
Azərbaycan xalqı Xocalının qisasını unutmadı. İllər boyu şəhidlərin ruhu qarşısında bir amal yaşadı. Torpaqların azad olunması və ədalətin bərpası. 2020-ci ildə baş verən Vətən müharibəsi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi və tarixi ədaləti bərpa etdi. Bu mübarizədə minlərlə igid oğul canını fəda etdi.
Bu gün artıq Xocalı Azərbaycandır! İllərlə həsrət qalan torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Xocalıda axan qanların qisasını Azərbaycan əsgərləri öz qanları bahasına aldılar. Şəhidlərin müqəddəs xatirəsi Zəfərlə taçlandı.
Xocalı soyqırımı hər il ölkə daxilində və xaricdə anılır, həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl iş aparılır. Bu faciənin tanınması, günahkarların ədalət qarşısında cavab verməsi üçün səylər davam edir.
Xocalı həm də milli birliyimizin rəmzidir. O, bizə xatırladır ki, xalq olaraq birləşəndə qarşıda heç bir güc dayana bilməz. Bu gün Xocalı yalnız faciə ilə deyil, həm də dirçəliş və qayıdışla xatırlanır.
Şəhidlərin ruhu qarşısında baş əyir, Xocalı qurbanlarını dərin ehtiramla yad edirik. Tariximizin bu qanlı səhifəsi heç vaxt unudulmayacaq. Çünki Xocalı həm dərdimiz, həm də qürur yerimizdir.
Leyla Mirzə, Bizimyol.info






