Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramazan – ruhun doymasıdır
Ramazan – ruhun doymasıdır

Ramazan haqqında çox yazılıb. Orucdan, səbirdən, mərhəmətdən danışılıb. Amma bəlkə Ramazanı bir az da başqa tərəfdən düşünək: o, insanın içində yanan səssiz bir ocaqdır.

“Ramazan” sözü ərəb dilindəki “ramad” kökündən gəlir. “Ramad”, “Ramada”, “Ramadi” isə “şiddətli istilik”, “yandıran hərarət”, “qızmar qumda yeriməyin verdiyi ağrı”, “kəskin qılıncın hazırlanması zamanı iki daşın arasında sıxışması”, “yazın tozunu təmizləyən yağış” mənalarını verir. Bu mənada Ramazan insanın daxilindəki mənfi xüsusiyyətləri - kin, həsəd, təkəbbür, nəfsani istəkləri yandırıb təmizləyən bir zaman kimi başa düşülür. Ramazanda Quran oxumaq da bir ibadətdir. Quran oxumaq həm ruhu saflaşdırır, həm də bilik verir, iman və təfəkkürü artırır.

Bu ay insanın həyatında görünməyən bir yanma prosesi başlayır. Kənardan baxan üçün hər şey eynidir - şəhər, küçə, insanlar eyni. Amma daxilən nəsə dəyişir. Adamın əsəbi daha tez alışmır, dili daha ehtiyatla söz deyir, gözü daha diqqətlə baxır. Sanki içindəki artıq yük yavaş-yavaş əriyir.

Ramazan ac qalmaq deyil. Əslində, doymaqdır. İnsan hər gün yediyi çörəyin, içdiyi suyun fərqinə varmadan yaşayır. Ramazan isə suyun bir qurtumunu belə nemətə çevirir. İftarda içilən ilk qurtum su sadəcə su olmur, o, şükür olur. Hər günün sonunda qurulan süfrə isə sadəcə yemək süfrəsi deyil, ailənin, səbrin və paylaşmağın süfrəsidir.

Bu ayda zaman da başqa cür axır. Günlər bir az uzun, axşamlar bir az işıqlı, gecələr bir az dərin olur. İnsan gecənin sakitliyində öz səsini daha aydın eşidir. Bəlkə də ilin başqa vaxtı susdurduğumuz vicdan Ramazanda daha ucadan danışır.

Ramazan insanla özü arasında. həm də gizli bir müqavilədir. Kimsə səni nəzarətdə saxlamır. Susuz qalmağı da, yeməməyi də özün seçirsən. Bu seçim azadlıqdır. Və bəlkə də Ramazanın ən böyük dərsi budur: insan öz nəfsinə qalib gələ bilirsə, həyatda da çox şeyə qalib gələ bilər.

Bu ay bitəndə bayram gəlir. Amma əsl sual budur: içimizdə yanan o ocaq sönürmü? Yoxsa o, kiçik bir köz kimi qalır və bizi il boyu isidir?

Ramazan bəlkə də təqvimdə bir ayın adıdır. Amma əslində, o, insanın özünə qayıtdığı zamandır. Və bəzən insanın özünə qayıtması, dünyanın ən böyük möcüzəsidir.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »