Ramazan ayı qadınlara yalnız aclığı öyrətmir, həm də daxili və xarici gözəllik arasında incə bir tarazlıq yaratmağı xatırladır. Bu ayda bədən aclığa tab gətirir, ruh isə saflaşır.
Ramazan ayında qadın özünü sevmək və qayğı göstərmək hüququnu itirmir, sadəcə bunu daha diqqətli etməyi öyrənir. Orucluq zamanı dəriyə qulluq sadə, zərərsiz və təmizləyici olmalıdır. Makiyaj istəyi qəlbin niyyətinə bağlıdır. İncə və təbii tonlar günah sayılmır. Saç və dəri baxımı üçün istifadə olunan yağlar, maskalar və baxım prosedurları orucu pozmur, çünki bunlar bədənə qida kimi qəbul edilmir.
Orucluq qadına xatırladır ki, gözəllik təkcə zahirdə deyil, sözlərdə, baxışlarda və səbrdədir. Bu ay qadın özünü sevərək, özünə qayğı göstərərək və niyyətini düzgün saxlayaraq həm zahiri, həm də daxili gözəlliyini birgə inkişaf etdirə bilər.
- Ramazan ayında saç boyamaq, manikür, pedikür, dolğu, botoks və digər gözəllik prosedurları orucu pozurmu?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qadınlara aid məsələlərdə dırnaq boyamaq, saç boyatmaq, manikür və pedikür orucu pozmur, çünki bunlar xarici prosedurlardır.
“Dolğu və botoks kimi prosedurlar iynə vasitəsilə dərialtı yeridilir. Əgər qidalandırıcı maddə deyilsə və yalnız kosmetik məqsədlidirsə, əksər müasir alimlər orucu pozmadığını bildirir. Amma damar yolu ilə qida xarakterli maddə verilərsə hökm dəyişir. Vitamin tərkibli iynələr və dərmanlar da orucun pozulmasına səbəb olur”-deyə ilahiyyatçı qeyd edib.
“Ramazan ayı qadınlara göstərir ki, əsl gözəllik nə qədər zahirdə parladığı ilə deyil, nə qədər dərinlikdə və saf niyyətdə yaşadığı ilə ölçülür”-deyə Əkrəm Həsənov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






