Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ləhcə və peşəkarlıq - Doğrudanmı bir-birinə zidd anlayışlardır?
Ləhcə və peşəkarlıq - Doğrudanmı bir-birinə zidd anlayışlardır?

Nitq təlimçisi Aida Aydının ləhcə ilə danışığın peşəkarlıqla uzlaşmaması ilə bağlı fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mövzu ətrafında fərqli yanaşmalar səsləndirilib. bBr qrup ali təhsilli şəxslərin ədəbi dildə danışmalı olduğunu vurğulasa da, digər qisim bu fikirləri “dar düşüncə” adlandıraraq ləhcənin savad göstəricisi olmadığını bildirib.

Bu müzakirə cəmiyyətimizdə uzun illərdir zaman-zaman gündəmə gələn bir sualı yenidən aktuallaşdırır. Ləhcə ilə danışmaq insanın peşəkarlığını və savadını şübhə altına alırmı?

Dil yalnız qrammatik qaydalar toplusu deyil, həm də mədəniyyətin, tarixinin və kimliyin daşıyıcısıdır. Ləhcələr isə bu dilin müxtəlif coğrafiyalarda formalaşmış, zənginləşmiş qollarıdır. Bir çox insanlar üçün ləhcə sadəcə danışıq tərzi deyil bu, onların uşaqlığından, ailəsindən, doğulduğu mühitdən gələn “ana dilidir”.

Azərbaycanda regionlara görə fərqli ləhcələrin mövcudluğu təbiidir. Şəki, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrin danışıq xüsusiyyətləri dilimizin rəngarəngliyini göstərir. Bu müxtəliflik dili zəiflətdiyi yox, əksinə, zənginləşdirdiyi üçün dəyərli hesab olunur.

Tarixə və müasir dövrə nəzər salsaq, görərik ki, illərlə müxtəlif ölkələrdə yaşayan, bir neçə universitet bitirən, elmi dərəcələr alan, beynəlxalq arenada fəaliyyət göstərən şəxslər arasında belə ləhcə ilə danışanlar var. Onların nitqində regional çalarların qalması nə savadlarının, nə də peşə bacarıqlarının göstəricisidir.

Dilçilik baxımından da ləhcə ilə danışmaq savadsızlıq əlaməti deyil. Ədəbi dil daha çox rəsmi yazışma, media, təhsil və dövlət səviyyəsində ünsiyyət üçün standartlaşdırılmış formadır. Ləhcə isə gündəlik ünsiyyətdə təbii şəkildə istifadə olunur. Bir insan həm ədəbi dildə sərbəst danışa, həm də öz ləhcəsini qoruya bilər.

Peşəkarlıq bilik, bacarıq, etik davranış və iş keyfiyyəti ilə ölçülür. Bir həkimin, alimin, müəllimin və ya hüquqşünasın işində əsas meyar onun danışıq tərzi deyil, ixtisas bilikləri və nəticələridir. Əgər bir şəxs fikrini aydın, məntiqli və düzgün ifadə edə bilirsə, onun ləhcə ilə danışması peşəkarlığa xələl gətirmir.

Əlbəttə, müəyyən sahələrdə məsələn, televiziya aparıcılığı, rəsmi çıxışlar və ya dövlət tədbirlərində ədəbi dil normasına riayət etmək tələb oluna bilər. Lakin bu, ləhcənin aşağı səviyyəli və ya qeyri-peşəkar olması anlamına gəlmir. Bu, sadəcə ünsiyyət mühitinə uyğunlaşma məsələsidir.

Sosial şəbəkələrdə yazılan “ləhcənin peşəkarlığa dəxli yoxdur”, “yalnız bizdə belə yanaşma var” kimi fikirlər göstərir ki, cəmiyyətdə bu məsələyə daha tolerant baxanların sayı az deyil. Qloballaşan dünyada fərqliliklərin qəbul edilməsi mühüm dəyərə çevrilib.

Əgər bir insanın ləhcəsi onun fikrini anlamağa mane olmursa, onu savadsız və ya qeyri-peşəkar adlandırmaq nə dərəcədə ədalətlidir? Axı dil müxtəlifliyi zəiflik deyil, zənginlikdir.

Ləhcə insanların kimliyinin bir hissəsidir. Onu savad və ya peşəkarlıq meyarına çevirmək doğru yanaşma deyil. Əsas məsələ insanın bilik səviyyəsi, düşüncə tərzi və fəaliyyətində göstərdiyi nəticələrdir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »