Sinaydakı Müqəddəs Yekaterina monastırında ərəb-islam genişlənməsinin hadisələrini demək olar ki, “real vaxt rejimində” əks etdirən, əvvəllər məlum olmayan VIII əsrin əvvəllərinə aid xristian salnaməsi aşkar edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Heritage Daily" nəşri məlumat yayıb.
Avstriya Elmlər Akademiyasının alimləri mətni 712–713-cü illərə aid edilən salnamə kimi müəyyənləşdiriblər. Əsər ilkin olaraq süryani dilində qələmə alınıb, daha sonra ərəb dilinə tərcümə edilib. Dövrümüzədək yalnız XIII əsrə aid zədələnmiş əlyazma gəlib çatsa da, onun məzmunu erkən orta əsrlər tarixçiləri üçün böyük əhəmiyyət daşıyır.
Salnamə Bibliyadakı Adəmdən başlayaraq VII əsrə qədərki dövrü əhatə edir, o cümlədən Bizans-Sasani müharibəsi, islamın yüksəlişi və ilk ərəb fəthləri barədə məlumat verir. Müəllifin Suriya, Yaxın Şərq, Balkanlar, Siciliya və Roma ilə bağlı proseslərdən xəbərdar olması həmin dövrdə geniş informasiya şəbəkəsinin mövcudluğuna işarə edir.
Tədqiqatçılar mətni şərti olaraq “713-cü ilin Maronit salnaməsi” adlandırıblar. Müəllifin kimliyi hələlik məlum deyil, lakin ehtimal olunur ki, salnamə VIII əsrə aid, sonrakı tarixçilərin istinad etdiyi, lakin günümüzə çatmayan bir mənbə ilə əlaqəli ola bilər.
Hazırda alimlər salnamənin tənqidi nəşrini və tərcüməsini hazırlayırlar ki, sənəd beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olsun. Bu tapıntı yeni dini və siyasi qüvvənin meydana çıxmasının dünya xəritəsini necə dəyişdirdiyini xristian icmalarının necə qəbul etdiyini daha yaxşı anlamağa imkan verir.
Qadir, Bizimyol.info






