Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, uşaqların dini etiqada məcbur edilməsi qadağandır. Qanunvericiliyə görə, zəruri hallarda uşağın dini etiqad azadlığına qanunla müəyyən edilmiş çərçivədə məhdudiyyətlər qoyula bilər.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Fazil Əhməd bildirib ki, əgər bu sahədə müəyyən qərarlar qəbul edilərsə, mənim fikrimcə, onların bəziləri icrada çətinliklə üzləşə bilər: “Dini mətnlərə əsasən, əgər bir valideynin övladı səhv yol tutarsa və valideyn, xüsusilə ata, ona düzgün istiqamət verməz, lazımi tərbiyə göstərməzsə, bu halda valideyn də müəyyən mənada məsuliyyət daşıyır. Məhz bu məsuliyyətdən irəli gələrək dindar ailələrdə valideynin övladına dini tərbiyə verməsi bir vəzifə kimi qəbul olunur. Qeyd etmək lazımdır ki, bu yanaşma yalnız dindar ailələrə aiddir. Biz heç vaxt demirik ki, namaz qılmayanlar və ya dini baxışı olmayan insanlar məsuliyyət daşımalıdır. Xeyr. Sadəcə sual verildikdə düzgün cavab belədir: dindar ailələr uşaqlarını tam azad buraxmalıdır ki, onlar necə seçim edirlər etsinlər”.
Fazil Əhməd“Bu nüansı anlamaq vacibdir: İslam dinində valideynə müəyyən məsuliyyət verilmişdir. Əgər bir insan dinə bağlıdır və həyatını dini prinsiplər əsasında qurursa, o zaman övladının namazına, hicabına və dini tərbiyəsinə dair da müəyyən mənada cavabdehdir. Bu məsuliyyətin mahiyyətini öyrənmək və başa düşmək vacibdir.
Bu mövzuda fikir bildirən jurnalistlər və iddialar irəli sürən şəxslər də məsələnin dini əsaslarını araşdırmalıdırlar. İslamda bu anlayış “əmr bil-məruf və nəhy ənil-münkər”, yəni yaxşıya əmr etmək və pislikdən çəkindirmək”. Hətta hədislərdə qeyd olunur ki, cəmiyyətdə yaxşılığı təşviq etməyən və pislikdən çəkindirməyən insanın ibadətinin, o cümlədən namazının qəbul olunması şübhə altına düşə bilər. Namazın qəbulu bundan asılıdır. İslami mətnlərə əsasən deyirəm ki, belə bir insanın namazına şübhə yaranır, çünki yalnız özü üçün yaşayır - “namaz qılıram, özüm bilərəm necə yaşayıram”. Bu özü üçün yaşamağı İslam normal yanaşmır. Lakin bütün bunlarla yanaşı, radikal yanaşmalar, təhqiramiz ifadələr, insanları məcbur etməyə və ya radikallığa çağıran çıxışlar qətiyyən yolverilməzdir.
Mən bir ilahiyyatçı kimi bu cür yanaşmaları heç vaxt qəbul etməmişəm. Əlbəttə, bütün məsələlər hüquq çərçivəsində və qarşılıqlı anlaşma əsasında həllini tapmalıdır. Ancaq təəssüf ki, bəzən bu mövzuda insanlar radikallığa meyl edir, qarşı tərəfi təhqir edir, hətta hüquq-mühafizə orqanlarını hədəf alan ifadələr işlədirlər. Bu isə qəbuledilməzdir. Məhz buna görə də şəxsən mən bu cür halların qarşısını almaq üçün maarifləndirici işlər aparıram.
Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, əgər bu sahədə müəyyən qərarlar qəbul edilərsə, mənim fikrimcə, onların bəziləri icrada çətinliklə üzləşə bilər. Çünki dindar ailələrdə gördüyüm mənzərə bir qədər fərqlidir. Hicablı uşaqların böyük əksəriyyəti bunu Allaha olan məhəbbətdən, yaşadıqları mühitin təsiri ilə, könüllü şəkildə seçirlər. Onlar dini mühitdə böyüyür, ailə və ətraf çevrədən təsirlənirlər. Allaha, namaza və dini dəyərlərə sevgi ilə yanaşırlar. Xüsusilə, qız uşaqları arasında bir-birinə baxaraq örnək götürmə halları çoxdur. Şəxsən mən dəfələrlə bunun şahidi olmuşam ki, uşaqlar ailəvi ünsiyyət nəticəsində, bir-birinin evinə gedib-gəlməklə, hələ 7-8 yaşlarında olarkən özləri hicaba keçmək istədiklərini bildirirlər. Bu, hər hansı məcburiyyət deyil, uşağın daxili istəyi və seçimi olur. Belə hallarda isə uşağa “sənin yaşın hələ azdır, bu olmaz” deyirlər”, – deyə ilahiyyatçı Fazil Əhməd qeyd edib.
Günel Həsənova, Bizimyol.info






