“Qloballaşma və xarici dini təsirlər Azərbaycanda dini kimliyə ikili təsir göstərir. Bir tərəfdən dinlərarası dialoq və tolerantlıq ideyaları güclənir, digər tərəfdən isə yad ideoloji modellər yerli dini ənənələrlə toqquşa bilir. Bu zaman milli dini təcrübə ilə İslamın əsas prinsipləri arasında balans qorunmalıdır. İslamın mahiyyətində ifrat və təfritin rədd edilməsi dayanır. Peyğəmbərin “işlərin xeyirlisi orta olanıdır” məzmunlu hədisi bu baxımdan əsas ölçü ola bilər. Xarici təsir nə tam inkar edilməli, nə də kor-koranə qəbul olunmalıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb. İlahiyyatçı qeyd edib ki, dini tolerantlığın qorunması üçün dövlət və cəmiyyət bir neçə istiqamətdə işi gücləndirməlidir: “Əvvəla, dini savadlılıq artırılmalıdır ki, insanlar dini radikal çağırışlarla yox, əsas mənbələrlə tanısınlar. Məktəblərdə və mediada din mövzusunda elmi və balanslı yanaşma təşviq olunmalıdır. İkincisi, dini icmalar arasında dialoq davamlı olmalıdır, çünki ünsiyyət olmayan yerdə şübhə və qorxu yaranır. Üçüncüsü, sosial ədalət və hüquqi bərabərlik qorunmalıdır. Çünki tarix göstərir ki, dini radikalizm çox vaxt inancdan yox, ədalətsizlikdən qidalanır. Əgər insan özünü cəmiyyətdə dəyərli hiss edirsə, dini düşmənçilik alətinə çevirmir”.
İradə Cəlil, Bizimyol.info






