Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serialda 3 qadın obrazın nikahdankənar hamilə qalması və bir dəyər boşluğu... Ötürülən mesaj nədir?
Serialda 3 qadın obrazın nikahdankənar hamilə qalması və bir dəyər boşluğu... Ötürülən mesaj nədir?

Televiziya serialları cəmiyyətin güzgüsü olmaq iddiasındadır. Amma bəzən bu güzgü reallığı əks etdirmək əvəzinə onu təhrif edir, normanı yox, anomaliyanı mərkəzə çəkir. “NOW TV”də yayımlanan “Kıskanmak” serialı ətrafında yaranan qalmaqal da məhz bu nöqtədə cəmiyyəti iki yerə bölüb. Sənət azadlığı ilə mənəvi məsuliyyətin sərhədi haradadır?

Serialın ssenarisində eyni vaxtda üç qadın xarakterin hamilə qalması, lakin körpələrin heç birinin rəsmi nikah daxilində olmaması artıq təkcə dramatik xətt deyil, açıq şəkildə dəyərlər müzakirəsinə çevrilib. Daha da problemli olan isə bu münasibətlərin adi hal kimi təqdim olunmasıdır.

Baş qəhrəman Halitin həyat yoldaşı Mükerremin ərinin qardaşından hamilə qalması, Nalanın baldızlıq münasibətini pozaraq Halitdən uşaq gözləməsi, Şükranın isə evin sürücüsündən hamilə qalması... Bütün bunlar ayrı-ayrılıqda qalmaqallı süjet xətti ola bilərdi. Amma problem onların eyni anda, eyni serialda və demək olar ki, heç bir etik nəticə doğurmadan təqdim olunmasıdır.

Bu nöqtədə serial ailəni qorunan bir dəyər kimi yox, pozulan bir struktur kimi göstərir. Nikah, sədaqət, etibar kimi anlayışlar ya kölgədə qalır, ya da açıq şəkildə lağa qoyulur.

İzləyicilərin ən sərt reaksiyası isə Mükerrem obrazının atalıq testi səhnəsinə olub. Körpənin ərindən deyil, sevgilisindən olduğunu öyrənəndə “Allahım, sənə şükürlər olsun” deməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Çünki burada təkcə xəyanət yox, dini ifadənin mənəvi məzmunundan qoparılaraq istifadə olunması var.

Bu cür səhnələr dini dəyərləri ssenari alətinə çevirir, onu məsuliyyət və əxlaq anlayışından ayırır. Məhz buna görə sosial şəbəkələrdə minlərlə insan bu səhnəni “mənəvi aşınmanın simvolu” kimi qiymətləndirib.

Artan şikayətlər fonunda RTÜK-ün serialı və yayımlandığı kanalı cərimələməsi gözlənilən addım idi. Qurumun açıqlamasında “milli və mənəvi dəyərlərin pozulması” vurğulanır. Bu qərar bir tərəfdən senzura kimi təqdim olunsa da, digər tərəfdən cəmiyyətin açıq narahatlığının rəsmi ifadəsi kimi də oxuna bilər.

Üç qadının hamilə qalması və heç birinin nikah daxilində olmaması təkcə ssenari faktı deyil, cəmiyyətə ötürülən mesajdır. Bu mesaj isə çoxları üçün qəbuledilməzdir. Çünki televiziya sadəcə əyləndirmir. O, düşüncə formalaşdırır. Əgər seriallar ailəni problem mənbəyi kimi yox, dəyər kimi təqdim etməyi bacarmasa, cəmiyyətin reaksiyası da qaçılmaz olacaq.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »