Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəzi şəxslər keçmiş travmalardan qurtulmaq, yeni bir həyat qurmaq arzusu ilə adlarını dəyişdirməyə qərar verirlər”
“Bəzi şəxslər keçmiş travmalardan qurtulmaq, yeni bir həyat qurmaq arzusu ilə adlarını dəyişdirməyə qərar verirlər”

2025-ci ildə Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı ümumilikdə 2723 akt qeydi tərtib olunub. Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, həmin şəxslərdən 917-si yalnız adını dəyişdirib. Soyadını dəyişdirmək üçün müraciət edənlərin sayı isə 11383 nəfər olub. Bundan əlavə, 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Statistik göstəricilər ötən il ən çox dəyişdirilən şəxsiyyət məlumatının soyad olduğunu göstərir. Ata adının dəyişdirilməsi isə nadir hallarda baş verib.

  • Soyad və ata adı dəyişikliklərinin insanlarda psixoloji səbəbləri nədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına uzman psixiatr Azər Bağırov bildirib ki, valideynlərin övladına verdiyi ad mənəvi dəyər daşısa da, bu uşaq üçün gələcəkdə çətinliklər yarada bilər: “Ad və soyadın dəyişdirilməsi ilə bağlı müraciətlərə dair statistik məlumatlardan belə nəticə çıxarmaq olar ki, soyad dəyişikliyi halları daha çoxdur. Bu da böyük ehtimalla evlilikdən sonra soyadın dəyişdirilməsi ilə əlaqədardır. Digər tərəfdən, adın dəyişdirilməsi daha travmatik bir proses ola bilər. Çünki ad uşağa valideynləri tərəfindən verilir və bu adlar bəzən valideynlər üçün xüsusi mənəvi dəyər daşısa da, uşaq üçün gələcəkdə çətinliklər yarada bilər. Valideynlər bəzən çox qeyri-adi və ya qəribə adlar seçirlər ki, bu da uşağın məktəb mühitində, yaşıdları arasında və universitet həyatında narahatlıq və utanc hissi yaşamasına səbəb ola bilər.

Ad dəyişdirmə ilə bağlı müraciətlərin artmasının müxtəlif səbəbləri ola bilər. Bunlardan biri yeniyetmələrin özünü kəşfetmə və fərdiləşmə dövründə ailələrinin fikirləri ilə üst-üstə düşməməsi, nəticədə isə öz həyatları ilə bağlı müstəqil qərarlar vermək istəkləridir. Bu mərhələdə bəzi gənclər adlarının onları ifadə etmədiyini düşünür, adın mənası ilə bağlı narahatlıq keçirir və bu səbəbdən adlarını dəyişdirmək qərarına gəlirlər.

Digər bir səbəb, ailədaxili problemlərlə bağlı ola bilər. Ailədə şiddət, alkoqol və ya narkotik maddə istifadəsi kimi hallar yaşandıqda, bəzi şəxslər bu bağlardan uzaqlaşmaq, keçmişlə əlaqəni kəsmək və yeni bir həyat qurmaq arzusu ilə adlarını dəyişdirməyə qərar verirlər. Bu, onların keçmiş travmalardan qurtulmaq və özlərini yenidən formalaşdırmaq istəklərinin bir ifadəsi kimi qiymətləndirilə bilər”.

uzman psixiatr Azər Bağırov Azər Bağırov

Azər Bağırov qeyd edib ki, ata adından imtina halları çox nadir rast gəlinən bir haldır: “Bəzən ata adından imtina halları müşahidə olunur. Bu, çox nadir rast gəlinən bir hal olsa da, bəzi hallarda şəxsin bioloji atasının əslində başqa biri olduğunu öyrənməsi və ya ata ilə ciddi münaqişə və düşmənçilik münasibətlərinin yaranması bu qərarın verilməsinə səbəb ola bilər. Belə hallarda ata adının dəyişdirilməsi psixoloji travmaların təsiri ilə əlaqəli ola bilər.

Soyad dəyişiklikləri isə daha çox gənc nəsil arasında yayılıb. Xüsusilə soyadların sonunda yer alan “-ov”, “-ova” kimi rus mənşəli şəkilçilərin dəyişdirilməsi halları artmaqdadır. Bu tendensiya fərdi identiklik axtarışı və milli kimliyə bağlılıq hissi ilə əlaqələndirilə bilər. Gənclər soyadlarında daha çox milli və mədəni mənsubiyyətlərini əks etdirən formaları seçməyə üstünlük verirlər. Bu da sovet dövründən miras qalan adlandırma sistemindən uzaqlaşmaq və milli kimliyi ön plana çıxarmaq istəyi olabilər”.

Uzman psixiatr vurğulayıb ki, cinsiyyət dəyişdirmə əməliyyatlarından sonra prosesin sonunda adın da dəyişdirilməsi ehtiyacı yaranır: “Ad dəyişdirmənin digər səbəblərindən biri də cinsiyyət dəyişdirmə əməliyyatları ilə bağlı ola bilər. Öz cinsiyyətindən narazı olan bəzi şəxslər hormonal müalicə mərhələsindən keçərək cinsiyyət dəyişdirmə əməliyyatına müraciət edirlər. Bu prosesin sonunda adın da dəyişdirilməsi ehtiyacı yaranır, çünki yeni cinsiyyətə uyğun ad seçmək həmin şəxsin özünü ifadə etməsi baxımından önəmli sayılır. Lakin bu dəyişikliklər ailə tərəfindən hər zaman anlayışla qarşılanmır. Bəzən ailə ilə münasibətlər pozulur, cəmiyyətin də bu hallara qarşı sərt münasibəti səbəbindən həmin şəxslər ciddi sosial təzyiqlərə məruz qalırlar. Bu səbəbdən onlar həm adlarını, həm də soyadlarını dəyişdirərək keçmiş bağlardan tamamilə uzaqlaşmağa çalışırlar. Ata adından imtina halları da bu kontekstdə baş verə bilər”.

“Bəzi hallarda bioloji ata ilə hüquqi atanın fərqli olması da ata adının dəyişdirilməsi üçün əsas ola bilər. Ad və soyad dəyişikliklərinə daha çox şou-biznes sahəsində də rast gəlinir. Burada əsas səbəb ad və soyadın səslənişinin daha yaddaqalan və səhnəyə uyğun olmasıdır. Bu şəxslər daha populyar və tanınan bir imic formalaşdırmaq məqsədilə ad və soyadlarını dəyişdirirlər. Bu da onları"n sənət aləmində fərqlənmək və yadda qalmaq istəkləri ilə bağlıdır”, – deyə Azər Bağırov bildirib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »