İstanbulda Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində “şübhəli şəxs” qismində ifadə verməyə çağırılan “Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saranın ifadə prosesi başa çatıb. Təxminən iki saat davam edən ifadədən sonra Saran narkotik testləri üçün qan və saç nümunələri verib.
Bizimyol.info xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda təxminən 45 dəqiqə davam edən prosedurlardan sonra yenidən İstanbul Ədliyyə Sarayına gətirilən Sadettin Saran məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
İstintaq çərçivəsində Sadettin Saran barəsində “narkotik maddə əldə etmək” və “narkotik maddə istifadəsinə şərait yaratmaq” ittihamlarının irəli sürüldüyü bildirilib. Prokurorluğun dəvətindən sonra xaricdə olduğu müəyyən edilən Saran gecə saatlarında xüsusi təyyarə ilə İstanbula qayıdıb və hava limanında “Fənərbağça” azarkeşləri tərəfindən qarşılanıb.
Hadisə ilə bağlı açıqlama verən Sadettin Saran ona göstərilən dəstəyə görə təşəkkür edərək bildirib ki, dövlətin çağırışına hər zaman cavab verib və bundan sonra da verməyə davam edəcək. O, klub prezidenti olmağın onun üçün böyük qürur və şərəf olduğunu vurğulayıb, “Fənərbağça”nın çempionluq hədəfindən geri çəkilməyəcəyini qeyd edib.
“Fənərbağça” Klubunun yaydığı rəsmi açıqlamada isə bildirilib ki, davam edən istintaqla bağlı məxfilik prinsipini pozan və ictimaiyyəti çaşdıran məlumatlar yayan şəxs və qurumlar barəsində hüquqi addımlar atılacaq.
İstintaq prosesi ilə bağlı araşdırmalar davam edir.
Qadir, Bizimyol.info






