Vaşinqton ABŞ-a giriş qadağası tətbiq olunan ölkələrin siyahısını genişləndirib. Yeni siyahıya Burkina-Faso, Mali, Cənubi Sudan, Niger, Suriya, Laos və Sierra-Leone daxildir. Sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb. ABŞ-a hələ də Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının girişi qadağandır.
- ABŞ-ın Suriyaya "qapı bağlaması" mövcud hakimiyyətin gözləntilərini qarşılamadığı kimi şərh etmək doğru olarmı?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerikanın miqrasiya siyasəti indiki mərhələdə, yəni Tramp administrasiyası dönəmində kifayət qədər sərtləşdirilib: “Tramp nəinki yeni miqrantların gəlməsini, hətta köhnə miqrantların ölkədən çıxarılmasını reallaşdırır və ümumiyyətlə hesab edir ki, miqrantlar Amerika üçün milli təhlükəsizlik səviyyəsində bir risk yaradır, ölkənin demoqrafik tərkibini dəyişir, siyasi xəritəsini dəyişir”.
Əli MustafaPolitoloqun fikrincə, belə bir yanaşma var ki, gələn miqrantlar demokratları dəstəkləyirlər və bunun üçün də Tramp və onun partiyası “respublikaçılar” bu prosesə qarışıdır, yəni bunu özlərinin təhlükəsizliyini təhdid edən bir məsələ kimi qəbul edirlər və getdikcə də ölkəyə gələn miqrantları əhatə edən dövlətlərin dairəsini genişləndirirlər.
Əli Mustafa hesab edir ki, burada müəyyən mülahizələr var: “Ola bilsin, kasıb ölkələrin ehtiyacı olan ölkələrin əhalilərinin, o cümlədən terror təcrübəsi olan savaş təcrübəsi olan ölkələrin əhalisinin həmin ölkələrə gəlməsini istəmirlər. Yəni amerikalılar da, avropalılar da miqrantların gəlməsində maraqlıdırlar. Amma onlar donor istəyirlər. Savadlı olsun, müasir olsun, Qərb dəyərlərini qəbul edən olsun və s. Cinayətkarların, savadsız insanların, yaşlı insanların, yəni dövlətə yük olan insanların miqrantların gəlməsini istəmirlər. Konkret bu siyahıda indi Suriya da var”.
Əli Mustafa qeyd edib ki, Trampın son vaxtlar Suriya prezidenti ilə münasibətləri normaldır, hətta fürsət düşdükcə Donald Tramp Əhməd Hüseyn əş-Şaraanın hakimiyyətini dəstəkləyir.
“Suriyanın siyahıya salınması hakimiyyətlə bağlı deyil. Kifayət qədər çoxlu suriyalı mühacir var. Dünyada bu növ mühacirəti motivasiya etmir, dəstəkləməyin əksinə, Avropadakı suriyalıların Suriyaya qayıtmasını istəyirlər. Bu siyasətdə maraqlıdırlar və konkret olaraq orada baş verən hadisələrə də baxsaq, İŞİD-çilərin iki Amerika əsgəri və bir mülki şəxsi öldürülməsi məsələsi kimi məsələlərdə Tramp daha çox Suriya hökumətini dəstəklədi. Aydın məsələdir ki, Amerika Birləşmiş Ştatlarının özünün də maraqları var. Amerikanın hələ qüvvələri var. Artıq Türkiyənin hərbi qüvvələri də Suriyadadır. Həmin Suriya Demokratik Qüvvələrinə-YPG qüvvələrinə və 15 gün müddət veriblər. Bu müddət ərzində ya Suriya hökumətinə qoşulacaqlar ya da onlara qarşı hərbi tədbirlər, yəni əməliyyatlar keçirilə bilər. Suriya hökuməti və Türkiyənin birgə tədbirləri keçirilə bilər. Bu məsələlərdə də Donald Tramp Türkiyəni və Suriyanı dəstəkləyir. Amma təbii ki, hələ son qərar yoxdur.
Son günlər Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, o cümlədən Suriya üzrə səlahiyyətli nümayəndəliyi Tom Barrakın açıqlaması da var idi. Onun açıqlamasından belə başa düşmək olur ki, ümumiyyətlə, Yaxın Şərqdə demokratiya çoxdur. Güvənmirlər, burada xeyirxah maraqların olmasında daha maraqlıdırlar. Hətta bu, belə də yozuldu. Ola bilsin, onlar Əhməd Hüseyn əş-Şaraanın gələcəkdə burada qalmasını düşünürlər. Türkiyənin də Suriyada təsirləri kifayət qədər böyükdür və ümumiyyətlə, Suriyanın təhlükəsizliyi üçün bu gün ən çox çalışan dövlət Türkiyədir”-deyən politoloq bildirib ki, Suriyadakı gələcək proseslər bilavasitə Türkiyənin siyasi qərarlarına və mövqeyinə uyğun olacaq. Politoloqun sözlərinə görə, bu məsələdə də Tramp əhəmiyyətli dərəcədə Türkiyə ilə ortaq hərəkət edəcək.
İradə Cəlil, Bizimyol.info






