“S-400-lər hava hücumundan müdafiə sistemləri, F-35–lər hərbi hava qüvvələrinə aid olan təyyarələrdir. Onların demək olar ki, məqsədi və təyinatı fərqlidir. S-400-lər hava məkanını qorumağa və havadan edilə biləcək hər hansı bir təcavüzə qarşı hava məkanını müdafiə etmək məqsədi daşıyıb. F-35-lər çoxməqsədli təyyarə olaraq hərbi hava qüvvələrinin qarşısında olan tapşırıqları yerinə yetirmək məqsədilə istifadə olunur”.
Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, hazırda ABŞ və Türkiyə dövlətləri arasında müəyyən bir danışıqlar gedir.
Şair RamaldanovŞair Ramaldanovun sözlərinə görə, S-400-lər və F-35-ləri Türkiyə istehsal etmir və istehsal etmədiyi üçün hansı ölkələrdən alınırsa, orada müəyyən şərtlər var.
“Hər silaha satan ölkənin şərtləri ancaq sırf qiymətə bağlı deyil. Digər məsələlərlə bağlıdır. Hər halda danışıqların nəticəsi əgər Türkiyənin maraqlarına uyğun inkişaf edəcəksə, bu danışıqlar müsbət nəticələnə bilər. Əgər Türkiyənin müstəqil qərar qəbul etməsinə və təhlükəsizliyinə müəyyən bir mənfi təsiri varsa, Türkiyə öz maraqlarından irəli gələn qərarını müdafiə edəcək və bu prizmadan danışıqlara yanaşacaq. Bu günə qədər olan məlumatlara görə, Türkiyə-ABŞ münasibətləri müsbət dinamika daşıdığı üçün bu məsələnin də həllində ortaq bir məxrəcə gəlməsi ehtimalı var.
Türkiyə NATO-nun ən güclü ölkələrindən biridir. ABŞ da demək olar ki, NATO-nun əsas aparıcı bir dövlətidir. Bir blokun üzvü olaraq yeni silahların yeni NATO ölkələrində istehsal edilməsi və NATO ölkələrinin bu silaha sahib çıxması birinci hal deyil. Bu hal da müsbət nəticələnək”-deyən Şair Ramaldanov qeyd edib ki, S-400-lərin aqibəti ilə bağlı qərar da Türkiyəyə bağlıdır və bu qərar Türkiyənin maraqlarına uyğun, Türkiyənin müstəqilliyini təsdiqləyən bir qərar olacaq.
İradə Cəlil, Bizimyol.info






