Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyindən açıqlama: “Hazırda COVID-19 testləri ölkədə respirator viruslara laborator nəzarət çərçivəsində aparılır”
Səhiyyə Nazirliyindən açıqlama: “Hazırda COVID-19 testləri ölkədə respirator viruslara laborator nəzarət çərçivəsində aparılır”

6 il əvvəl bu gün COVİD-19 virusuna ilk bilinən yoluxma halları Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Belə ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) retrospektiv araşdırmalarına görə, ilk klinik olaraq tanınan hadisə 1 dekabr 2019 tarixində müşahidə edilib.

Bizimyol.info xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir. Onun sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.

"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır", - deyə Y.Qarayeva diqqətə çatdırıb. (Mənbə AzərTAC)

Hazırda COVID-19 virusunun aşkarlanması və fərqləndirilməsi üçün əhaliyə test imkanları hansı qaydada təqdim olunur?

Yaranan sualla bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, COVID-19-un mövsümi respirator xəstəliklərlə eyni səviyyədə qiymətləndirilməsi səbəbindən əvvəlki kimi kütləvi test tələbi artıq mövcud deyil:

“Hazırda COVID-19 testləri ölkədə respirator viruslara laborator nəzarət çərçivəsində aparılır. Proses “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə uyğun olaraq təşkil edilir. Pandemiya dövründə tətbiq olunan xüsusi test və COVID-sertifikat mexanizmləri isə Nazirlər Kabinetinin həmin dövr üçün təsdiq etdiyi xüsusi karantin qaydaları ilə tənzimlənirdi.

Epidemioloji vəziyyətin stabil olması və COVID-19-un mövsümi respirator xəstəliklərlə eyni səviyyədə qiymətləndirilməsi səbəbindən əvvəlki kimi kütləvi test tələbi artıq mövcud deyil.

Bununla yanaşı, tibbi göstəriş olduqda, həkim göndərişi əsasında müvafiq laboratoriyalarda PZR üsulu ilə COVID-19-un digər respirator viruslardan fərqləndirilməsi mümkün olur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »