Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərimanov Tibb Mərkəzinin bir gününün şahidi olmaq... - Bağlı qapılar arxasında qalan xəstələr
Nərimanov Tibb Mərkəzinin bir gününün şahidi olmaq... - Bağlı qapılar arxasında qalan xəstələr

Bəzən bir səhiyyə müəssisəsinə yol düşəndə insan ən çox həkimlə qarşılaşacağı anı düşünür. Diaqnoz, müayinə, növbə, xəstələrin sayı… Amma heç kim təsəvvür etmir ki, ən böyük problem adi bir tualet qapısının açılmaması ola bilər. Nərimanov Tibb Mərkəzinin bir gününün şahidi olmaq isə bu gerçəkliyi bütün çılpaqlığı ilə göz önünə sərdi.

Həkimimiz günorta növbəsi olduğundan poliklinikaya saat 3-də çatdıq. Həkimin otağı 2-ci mərtəbədə yerləşirdi. Bizdən öncə içəri girməli olan xəstə yaşlı, insult keçirmiş bir qadın idi. Çarəsiz halda tualet axtarırdı. İlk baxışdan adi görünən bu ehtiyac, təəssüf ki, oranın reallığında problemə çevrilmişdi. Məlum oldu ki, 2-ci mərtəbədəki tualetin qapısı bağlıdır və açarı heç kəs tapa bilmir. Qadının yanında gələn qız əl-ayağa düşüb açar axtarmağa başladı, lakin nəticə dəyişmədi: “açar hansısa işçidə imiş və o da artıq gedib”.

Həmin qadın danışdıqca insanın içi sızlayırdı. Ağır xəstəliklər keçirmiş qadın növbəsi çatana qədər əlində əsası ilə azı üç dəfə 1-ci mərtəbəyə düşüb-qayıtmalı olmuşdu. Hər addımı çətin olan bu insanın sağlamlıq problemi yetmirmiş kimi, bir tualet qapısının məsuliyyətsizliyini daşımalı idi. Elə bu vaxt mənim 7 yaşlı oğlum tualet istədi. Açıq-aşkar görünürdü ki, bu mərtəbədə insan ehtiyacının qarşılanması sadəcə şansdan asılıdır. Biz də aşağı düşsək, növbəmizi itirəcəyik. Mən də açar axtarışına qoşuldum. Amma mənim axtarışım da nəticəsiz qaldı. Təxminən 10 dəqiqəlik “açar ovuna” gedən zamanın hamısı sadəcə bir sualın ətrafında fırlanırdı. Bir tibb müəssisəsində tualet niyə bağlı olmalıdır?

Səhiyyədə çox məqamlar inkişaf tələb edir, bunu hər kəs bilir. Amma bəzi problemlər var ki, onların mövcudluğu izah olunmazdır. Tualet qapısının açarı olmayan bir poliklinika, bu həm idarəçilik boşluğunun, həm xəstəyə hörmətsizliyin, həm də ümumi sistem qüsurunun canlı nümunəsidir.

Əsas hədəf sağlamlıq və xidmət göstərməkdirsə, insanın ən elementar ehtiyaclarına belə diqqət yetirilməməlidir? Xəstənin tualet tapmaq üçün mərtəbələr arasında qaçması hansı tibb mərkəzinin standartlarına uyğundur?

Bu yazı bir irad, bir sual, eyni zamanda çağırışdır. Səhiyyədə böyük problemləri həll etmək üçün əvvəlcə ən kiçiklərindən başlamaq lazımdır. Çünki bəzən bir tualet qapısının açarı bütöv bir sistemin necə işlədiyini göstərir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »