İrandan Azərbaycana gətirilən portağallarla bağlı yayılan məlumatlar ictimaiyyətdə ciddi narahatlıq doğurub. İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavərinin etirafına görə, su qıtlığı səbəbilə yetişməyən portağalların içinə kimyəvi boya və su vurularaq ixrac edilib. Bu portağalların əsas ixrac istiqamətlərindən biri isə Azərbaycandır. Qida təhlükəsizliyi məsələlərinə cavabdeh olan qurumların - xüsusilə də AQTA-nın - bu etirafa və yayılan iddialara qarşı hələlik heç bir rəsmi açıqlama verməməsi isə birmənalı qarşılanmır.
- Azərbaycan bazarında qida təhlükəsizliyi necə təmin olunur?
İrandan gətirilən və tərkibində boya olduğu iddia edilən portağallarla bağlı mövqeyiniz nədir?
- Yaranan suallara cavab tapmaq üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinə (AQTA) sorğu göndərdik.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq məsələdən xəbərdar olduqlarını bildiriblər: "Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi (AQTA) qeyd olunan məsələdən xəbərdardır. Sosial şəbəkədə yayılan görüntülər Agentlik tərəfindən nəzarətə götürülüb. Araşdırmalar aparılır. Bildiririk ki, ölkəyə idxal olunan bitkiçilik məhsullarına riskəsaslı yanaşma ilə nəzarət həyata keçirilir. Əlavə məlumat veriləcək. Məsələnin nəticələri ictimaiyyətə açıqlanacaq".
Günel Həsənova, Bizimyol.info






