Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saçlar niyə ağarır? Yeni araşdırma hamını təəccübləndirdi
Saçlar niyə ağarır? Yeni araşdırma hamını təəccübləndirdi

Güzgü qarşısında saçınızdakı ağ tükləri görmək çoxları üçün xoş olmayan bir haldır. Lakin Yaponiyada aparılan yeni araşdırma, saçların ağarmasına tamamilə fərqli bir baxış gətirir.

Bizimyol.info xəbər verir ki, Tokyo Universitetinin alimləri müəyyən edib ki, saçların ağarması təkcə yaşlanma və ya stresslə bağlı deyil – bu proses bədənin zərərli hüceyrələri məhv edərək xərçəng xəstəliyi riskini azaltmaq üçün göstərdiyi təbii müdafiə reaksiyası ola bilər.

Tədqiqatda siçanlar üzərində aparılan təcrübələr göstərib ki, saç rəngini yaradan melanosit kök hüceyrələri (McSC) DNT zədələnməsi gördükdə iki seçim edir: ya özünü məhv edir, ya da zədələnmiş halda yaşamğa davam edib xərçəng yaranmasına yol açır. Özünü məhv edən hüceyrələr nəticədə tüklərin və saçların ağarmasına səbəb olur. Bu proses “p53–p21” adlı bədənin təbii xərçəngdən müdafiə mexanizmi ilə əlaqəlidir. Bu müdafiə siqnalı düzgün işləmədikdə xərçəng xəstəliyi riski arta bilər.

Yəni saçın ağarması bəzən bədənin “təhlükəli hüceyrəni məhv etdim” mesajı ola bilər.

Mütəxəssislər bildirir ki, saç ağarması xərçəngin qarşısını tamamilə almır. Sadəcə zədələnmiş hüceyrələrin bədəndən təmizlənməsi prosesini göstərir və yaşlanma ilə xərçəng arasındakı əlaqəni anlamağa kömək edir.

Tibb biologiyası və genetika mütəxəssisi Prof. Dr. Korkut Ulucan bildirir ki, melanosit kök hüceyrələri melanin istehsal edərək saçın rəngini yaradır. Bu sistemdəki pozuntular saçın ağarmasına səbəb olur. Lakin saç ağarmasının xərçəng mexanizmi ilə birbaşa əlaqəsi olduğunu söyləmək hələlik çox tezdir.

Ulucana görə, hüceyrələr zədələndikdə bəzən dəyişiklikləri düzəltməyə çalışır, ancaq bəzən “hüceyrə intiharı” adlanan apoptaza gedir. Ağarmaya səbəb olan proseslər bu kimi təbii hüceyrə reaksiyaları ilə əlaqədardır.

Prof. Ulucan bildirir ki, erkən saç ağarmasının tək bir səbəbi yoxdur. Burada, genetik amillər əsas rol oynayır. Stress, hüceyrə zədələnməsi və zəif immun sistemi də təsir göstərə bilər. Vitamin və mineral çatışmazlığı (B12, D, E, biotin, həmçinin mis, sink, dəmir) erkən ağarmaya yol açır. Tiroid pozuntuları, otoimmün xəstəliklər, diabet, bəzi xərçəng növləri və xroniki dərman istifadəsi də erkən ağarmaya səbəb ola bilər.

Ulucan qeyd edir ki, saç ağarması üçün genetik testlər çox vaxt vacib deyil, amma vitamin-mineral analizləri, bəzən də bağırsaq mikrobiomu araşdırmaları faydalı ola bilər.

Araşdırma göstərir ki, saçların ağarması sadəcə yaşlanmanın nəticəsi deyil. Bəzən bu proses bədənin zədələnmiş, potensial təhlükəli hüceyrələri məhv etmə yolu ola bilər. Bununla belə, ağarmanın səbəbləri çoxşaxəlidir və genetik, bioloji, hormonal və qidalanma ilə bağlı amillərin birləşməsindən qaynaqlana bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »