Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təndirin istisi, siyasətin soyuğu... Tibbi terminologiya ilə xalq mifologiyası "toqquşub"
Təndirin istisi, siyasətin soyuğu... Tibbi terminologiya ilə xalq mifologiyası "toqquşub"

Son günlər Özbəkistandakı bir məmurun bəyanatı sosial medianı yandırıb-yaxdı. Daşkənd vilayətinin qubernatoru Zoyir Mirzəyev buyurub ki, guya təndirdə çörək bişirən qadın xərçəng olmur. Çünki təndirin istisi “qanı ikiqat sürətlə dövran etdirir”, damarları təmizləyir və s.

Belə çıxır ki, tibb elmi boş yerə on illərlə araşdırma aparıb, universitetlər boş yerə açılıb, alimlər boş yerə çalışıb. Həll elə təndirdə imiş.

Qubernatorun çıxışından belə başa düşdük ki, artıq onkoloji mərkəzlərə ehtiyac yoxdur. Təndir olan yerdə xəstəlik “ayaq saxlamaz”. Bəs onda niyə bu qədər od-ocaq içində yaşayan ölkələrdə xərçəng statistikası artan xətt üzrə gedir? Çünki həyat təndir romantikasından ibarət deyil.

“Bədən qızır, qan axır, damar açılır” bu ifadəni eşidəndə adama elə gəlir ki, tibbi terminologiya ilə xalq mifologiyası toqquşub və ortaya qeyri-adi bir qarışıq çıxıb. Xalq inancları əladır, mədəniyyətimizin parçasıdır. Amma dövlət rəsmisi çıxış edirsə, orada təndir metaforası yox, elm faktı səslənməlidir.

Təndirdə bişən çörəyin qoxusu bəlkə də stressi azaldır, evə istilik qatır, qadınların zəhmətini görünən edir. Amma “xərçəngi sağaldır” deyəndə həmin çörək də, təndir də, sözün özü də əriyib gedir. Hər toplumun öz folkloru var, amma folklorla səhiyyə idarə olunmur.

Bu bəyanatı oxuyanda adam bir daha başa düşürük ki, bir ölkədə səhiyyə sistemi zəifləyəndə, onun yerini möcüzələr, miflər və çıxış yolu kimi təqdim edilən romantik ənənələr tutur.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »