Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin Sədri Ziya Öztürkler, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Baş Assambleyasında TÜRKPA-nın baş katibi seçilən Azərbaycan Milli Məclisinin deputatı Ramil Hasanı qəbul edib.
ŞKTC Məclisindən verilən məlumata görə, Ramil Hasan və onu müşayiət edən heyətlə görüşdə çıxış edən Öztürkler: “TÜRKPA Türk dünyası ilə əlaqələrdə körpü rolunu oynamalıdır”, - deyə bildirib.
Öztürkler qeyd edib ki, ŞKTC-nin Türk dünyası ilə inteqrasiyasında parlament səviyyəsində təmsilçilik strateji əhəmiyyət daşıyır və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir.
Ramil Hasanın TÜRKPA-nın baş katibi vəzifəsinə seçilməsindən məmnunluğunu ifadə edən Öztürkler: “Azərbaycan, Anavatan Türkiyə ilə birlikdə, ŞKTC-nin Türk dünyası ilə əlaqələrinin genişlənməsində bizə körpü olmalıdır”, - deyə qeyd edib.
Ziya Öztürkler həmçinin bu mühüm vəzifənin Türk dünyasının birliyi və həmrəyliyinə töhfə verəcəyinə inandığını bildirib.
TÜRKPA çərçivəsində ŞKTC millət vəkillərinin davamlı və konstruktiv töhfələr verməyə hazır olduqlarını vurğulayan Öztürkler, qurumun güclü lobbi imkanlarının ŞKTC-nin beynəlxalq aləmdə tanınması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu platformanın təqdim etdiyi imkanlardan yararlanmaq istədiklərini bildirib.
Məclis sədri Öztürkler vurğulayıb ki, ŞKTC siyasi və iqtisadi əməkdaşlığa açıqdır və Türk dünyası ilə çoxşaxəli münasibətlərin inkişafı ortaq hədəfdir.
TÜRKPA-nın baş katibi Ramil Hasan isə qəbuldan məmnunluğunu ifadə edərək, ŞKTC-nin Türk dünyası içindəki yerinin daha da gücləndirilməsi üçün hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.






