Azərbaycan milli komandası Dünya Çempionatında oynamaq şansını itirib. Amma şübhə yoxdur ki, bizdə futbolsevərlərin əksəriyyəti indi diqqəti Türkiyə millisinə yönəldib. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv Dünya Çempionatının final mərhələsində çıxış imkanı qazansa, bizdə buna sevinən çox olacaq.
Bizimyol.info xəbər verir ki, UEFA zonasında pley-off mərhələsinin püşkü atılıb. Bu həm də Türkiyə milli komandasının rəqiblərinin müəyyənləşməsi deməkdir. Montellanın futbolçuları gələn ilin martında ilk oyununu öz meydanında Rumıniyaya qarşı keçirəcək. Qalib Slovakiya-Kosovo cütünün güclü tərəfi ilə qarşılaşacaq.
Əvvəlcə reqlamenti xatırladaq. Pley-off mərhələsində 16 komanda mübarizə aparır. Bu komandalardan 12-si seçmə mərhələdə yer aldığı qrupda ikinci yeri qazanaraq bu hüququ əldə edib. 4 kollektiv isə Millətlər Liqasında qrup qalibi olduğuna görə belə imkan qazanıb. Biroyunluq görüşlərdən sonra 8 komanda mübarizədən kənarda qalacaq. Yerdə qalanlar 4 güclünü müəyyənləşdirəcək. Məhz həmin 4 komanda ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının final mərhələsinin iştirakçısına çevrilir.
Ukrayna qonşusu Polşaya rəqib ola bilər. Bunun üçün əvvəlcə ukraynalılar İsveçi, polşalılar isə Albaniyanı sıradan çıxarmalıdır. Danimarka – Şimali Makedoniya və Çexiya – İrlandiya cütlərinin qalibləri daha bir mundial iştirakçısının adına aydınlıq gətirəcək.
İtaliya son iki mundialda oynaya bilməyib. Bu dəfə əvvəlcə Şimali İrlandiyadan üstün olmaq lazımdır. Növbəti mərhələdə isə Uels – Bosniya və Herseqovina cütünün qalibindən güclü olmaq vacibdir.
Türkiyə milli komandası indi yaxşı formadadır. İspaniya ilə son səfər qarşılaşması da bunu göstərdi. Amma unutmayaq ki, Rumıniyaya Türkiyə futboluna yaxşı bələd olan Mirça Luçesku başçılıq edir. Rəqibi düzgün qiymətləndirərək qənaətbəxş nəticə əldə etmək lazımdır. Türkiyə milli komandası bütün hallarda Dünya Çempionatında oynamağa layiqdir.
Aytən, Bizimyol.info






