Xorvatiyaya texniki xidmət üçün yola düşən Türkitə Meşə Təsərrüfatı Baş İdarəsinə (MTİ) məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə radio əlaqəsi kəsilib.
Bizimyol.info xəbər verir ki, Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı itkin düşmüş təyyarənin qalıqlarının tapıldığını açıqlayıb.
MTİ-ə məxsus iki "AT-802" yanğınsöndürmə təyyarəsi 12 noyabr çərşənbə günü saat 10:24-də planlaşdırılmış texniki xidmət əməliyyatının bir hissəsi olaraq Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb.
Hava şəraiti səbəbindən gecəni Rejika Hava Limanında qalan təyyarə bu gün (dünən - 13 noyabr 2025-ci il) saat 18:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb.
Lakin əlverişsiz hava şəraiti səbəbindən hər iki təyyarə geri qayıtmaq qərarına gəlib. Təyyarələrdən biri geri dönüş marşrutu üzrə Rejika Hava Limanına təhlükəsiz şəkildə eniş etsə də, digər təyyarə ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 19:25-də kəsilib.
Təyyarənin qalıqlarının tapıldığını və bir pilotun həlak olduğunu bildirən nazir Yumaklı sosial mediada aşağıdakı açıqlamanı paylaşıb:
"Xorvatiyada radio əlaqəsi kəsilən Meşəçilik Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapıldı. Bu faciəli qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı və səbr diləyirəm. Meşəçilik təşkilatımıza və əziz millətimizə başsağlığı verirəm".
Bizimyol.info






