Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti məzun buraxılışı olub. DTX-nın Mətbuat xidmətinin məlumatına görə, buraxılışla əlaqədar mərasimdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etmişlər.
Bizimyol.info xəbər verir ki, əvvəlcə Akademiyadakı Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib, ardınca məzunlara Akademiyanın diplomları təqdim olunub.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs eedib. Son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.
Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Bizimyol.info