İran Prezidenti Məsud Pezeşkian, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitində iştirak etmək üçün bu gün öz təyyarəsi ilə Azərbaycanın Füzuli hava limanına gəlib.
Bizimyol.info xəbər verir ki, İran prezidentini Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pezeşkian ilə görüşüb.
Qeyd edək ki, Mehrabad və İmam Xomeyni hava limanları ilə yanaşı, İran İslam Respublikasının əksər hava limanları yenidən fəaliyyətə başlayaraq uçuş xidmətləri göstərməyə hazır vəziyyətə gətirilib.
Mülki Aviasiya Təşkilatının Koordinasiya Komitəsinin təsdiqi və ölkənin mövcud şərtləri daxilində aparılan təfərrüatlı təhlükəsizlik yoxlamaları, qurumlararası koordinasiya və aviasiya sektorunun maraqlı tərəflərinin çoxsaylı görüşləri nəticəsində Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubunda yerləşən digər hava limanları yenidən fəaliyyətə və uçuşlara hazır vəziyyətə gətirilib.
Açıqlamaya görə, İsfahan və Təbriz hava limanlarından başqa, ölkənin bütün hava limanlarından daxili və beynəlxalq uçuşlar gün ərzində 5:00-18:00 saatları arasında həyata keçirilə bilər.
Xatırladaq ki, İranda 12 günlük müharibə səbəbindən bütün uçuşlar ləğv edilmişdi.
Qadir, Bizimyol.info