Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp və Putin arasında telefon danışığı: Münasibətlərin "reanimasiyası"?
Tramp və Putin arasında telefon danışığı: Münasibətlərin "reanimasiyası"?

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Rəsmi məlumatlarda bildirilir ki, bu əlaqə tərəflərin münasibətlərin bərpasında maraqlı olduqlarını göstərir.

ABŞ-da prezidentlik səlahiyyətlərinin ikinci dəfə icrasına bu ilin yanvarında başlayan Tramp, ilk bəyanatlarında Putinə yüksək etimad göstərdiyini nümayiş etdirmişdi. Bununla belə, Rusiya lideri onunla yalnız fevralın 12-də ilk dəfə telefon danışığı aparmaq “imkanı” tapdı. Həmin dövrdə Rusiya cəbhədəki çatışmazlıqları Şimali Koreya və Çindən hərbi kontingent cəlb etməklə kompensasiya etməyə çalışırdı. Trampın zəngi isə, bir növ, Kremlin informasiya cəbhəsində “reanimasiya” vasitəsinə çevrildi.

Trampın Putinə yönəlik mülayim münasibəti bir sıra neytral ölkələrin Rusiya yönlü siyasətə meyillənməsinə səbəb oldu. Eyni zamanda Ukraynadakı vəziyyət də daha da gərginləşdi. Kursk bölgəsində Ukrayna Ordusunun geri çəkilməsinə səbəb olan əməliyyatlar başladı və bir sıra yeni ərazilər işğal edildi.

Tramp və Putin arasında artan təmaslar ABŞ-Rusiya münasibətlərinin, xüsusən də Ukrayna münaqişəsi fonunda kəskin pisləşməsindən sonra yenidən bərpa olunmasına yönəlik qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirilir. Maraqlıdır ki, bu danışıq Putinin Fransa prezidenti Emmanuel Makronla təxminən üç ildən sonra ilk birbaşa telefon əlaqəsindən cəmi iki gün sonraya təsadüf edib.

Cümə axşamı səhəri baş tutan bu telefon danışığı Tramp və Putin arasında son ay yarımda dördüncü, ilin əvvəlindən isə altıncı təmas idi. Bu tezlik bir daha göstərir ki, Putin ABŞ prezidenti ilə yalnız özünə lazım olan məqamlarda əlaqə saxlayır. Tramp isə hələ də Rusiya lideri ilə münasibətlərin “yaxşı” olduğunu israrla vurğulayır.

Məlumatlara əsasən, dövlət başçıları əsasən Ukrayna münaqişəsinin nizamlanması və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, maraqlı məqamlardan biri də budur ki, söhbət zamanı Putin və Tramp ənənəvi dəyərləri təbliğ edən filmlərin mübadiləsi imkanlarını da müzakirə ediblər.

Qonşum Cəfər kişi oğlunun evə gec qayıtmasından narahat imiş. O vaxtlar insanla əlaqə saxlamaq indiki qədər asan deyildi. Cəfər təxmin etdiyi yerə adam göndərib və təsadüfən təxmini doğru çıxıb, oğlunu tapıb gətiriblər. Oğlunu həyətdə qonşuların yanında danlayaraq demişdi: “A bala, mən bilmirəm sən nə film çevirirsən, amma yığış...”

Putinin hansı “filmləri çevirdiyini” Tramp çox güman ki, yaxşı bilir. Amma Cəfər kimi birbaşa deməyə hələ cəsarət etmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »